Əhməd Məmmədliyə 6 il həbs verildi: Rejim siyasi fəalları niyə belə rahat həbs edə bilir?

Əhməd Məmmədliyə 6 il həbs verildi: Rejim siyasi fəalları niyə belə rahat həbs edə bilir?

Bakı Ağır Cinayətlər Məhkəməsi siyasi fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədliyə 6 il həbs cəzası verdi. Bu hökmə yalnız bir nəfərin taleyi kimi baxmaq siyasi korluq olardı. Azərbaycan hakimiyyəti niyə bir siyasi fəalı, jurnalisti və ya narazı səsi bu qədər rahat şəkildə cinayətkar kimi təqdim edə bilir? Cavab sadədir. Söhbət ayrıca hansısa pis məmurdan və ya bir neçə hüquq-mühafizə əməkdaşının özbaşınalığından getmir. Məsələ sinfi mahiyyəti etibarilə özünü qorumağa çalışan hökumətdən gedir və belə hökumət üçün tənqid idarəetmə riskidir. Buna görə o, fikirlə fikir kimi polemikaya girmək əvəzinə, azad düşüncəni cinayət işinə çevirir. “Human Rights Watch” 2026-cı il hesabatında yazır ki, Azərbaycanda hökumət müstəqil media, siyasi rəqiblər və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri gücləndirib, fərqli siyasi mövqeləri boğub və qorxu mühitini daha da dərinləşdirib.

Bu mexanizm artıq Azərbaycanda sistematik xarakter daşıyır. “Freedom House”un 2025-ci il hesabatına görə, 2023-cü ilin noyabrından 2025-ci ilin mayınadək hakimiyyət 25 jurnalisti həbs edib və onların böyük əksəriyyəti hökuməti tənqid edən onlayn media ilə bağlı olub, təşkilat hökumətin media nümayəndələrinə qarşı ittihamlarını təhrif edilmiş və ya uydurma kimi səciyyələndirir. CPJ isə bildirir ki, 1 dekabr 2025 tarixinə Azərbaycan həbsdə ən azı 24 jurnalisti olan ölkələrdən birinə çevrilib. Yəni Azərbaycanda repressiya artıq təsadüfi reaksiya yox, hakimiyyətin idarəçilik üsuludur. Rejim başa düşür ki, xalqın narazılığı dağınıq qala-qala, etirazlar fərdi və pərakəndə qala-qala, istənilən fəalı həbs etmək, ləkələmək və susdurmaq mümkündür.

Bunun başqa bir səbəbi də budur ki, hökumətin qarşısında çox vaxt təşkilatlanmış sinfi qüvvə yox, ayrı-ayrı fərdlər, platformalar və ya tarixi cəhətdən köhnəlmiş, sosial bazası dərin olmayan saxta müxalifət formaları dayanır. Fərd nə qədər cəsur olsa da, dövlət maşını qarşısında tək adamdır. Şəxsiyyətə bağlı siyasət emosional təəssürat yarada bilər, amma tarixi nəticə doğurmur. Bir nəfər həbs olunanda bütün xətt sarsılırsa, deməli, orada möhkəm siyasi dayaqlar yox, şəxsi nüfuz və ad ətrafında qurulmuş kövrək konstruksiya var. Rejim də bunu çox yaxşı bilir. O, öz tənqidçilərini rahatlıqla şərləyib həbs edir, çünki əksər hallarda qarşısında bütöv sinfi təşkilatlanma yox, ya ayrı-ayrı fərdlər, ya da uzun illərdir real dönüş yaratmayan lider-mərkəzli müxalifət dayanır. Məhz buna görə bir hökm, bir həbslə bütöv düşərgədə ruh düşkünlüyü yarada bilir. Bu, təşkilati zəiflik problemidir. Repressiyanın qarşısında fərdi cəsarət vacibdir, lakin təkbaşına yetərli deyil. Buna görə də Azərbaycanda vətəndaş cəmiyyətini iflic edən qanunlar qəbul edilir və siyasi motivli işlər sistemli xarakter alır.

Liberal dairələr adətən belə məqamlarda gözlərini yenə Qərbə dikirlər. Guya “demokratiyanın beşiyi” sayılan ölkələr təzyiq göstərəcək, narazılıq bildirəcək, hakimiyyəti geri addım atmağa məcbur edəcəklər. Reallıq isə tamam başqadır. Avropa İttifaqı bir tərəfdən insan hüquqları haqqında ümumi və yumşaq ifadələr işlətsə də, digər tərəfdən Azərbaycanla enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Avropa Komissiyasının 3 mart 2026-cı il bəyanatında Azərbaycan açıq şəkildə “etibarlı tərəfdaş” kimi təqdim olunur. Martın 11-də Avropa Şurasının Prezidenti Antoniu Koşta isə Bakı ilə daha yaxın əməkdaşlıq üçün yeni çərçivə üzərində işlədiklərini və müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini araşdırdıqlarını deyib. Bu, sinfi həmrəylik və səmimiyyətdir: kapitalist dövlətlər üçün hüquq və azadlıq məsələsi yalnız maraqlarla toqquşmadığı müddətdə vacib görünür.

İşin mərkəzində Azərbaycan burjuaziyasının komprador mahiyyəti dayanır. Bu hakim sinif ölkəni daxili demokratik inkişaf və xalq hakimiyyəti istiqamətində deyil, dünya kapitalizminin enerji və geosiyasi ehtiyaclarına uyğun idarə edir. Avropa Komissiyasının son məlumatına görə, Azərbaycan 2025-ci ildə Avropa İttifaqına 12,5 milyard kubmetr qaz tədarük edib və Brüssel bu tərəfdaşlığı həm qaz, həm də “yaşıl enerji” istiqamətində genişləndirmək niyyətini açıq göstərir. “Reuters” də bu həftə yazır ki, Avropa Komissiyası qaz təchizatında elastikliyi artırmaq üçün qaydaları yumşaltmağa hazırlaşır və bunun əsas faydalananlarından biri Azərbaycan ola bilər. Belə vəziyyətdə Qərb mərkəzlərindən prinsipial mövqe gözləmək siyasi romantizmdir. Onlar etiraz etmirlər, çünki kapitalistlər arasındakı sinfi həmrəylik biz işçilər arasındakı həmrəylikdən qat-qat güclüdür. Onlar bir-birinin real ehtiyacını anlayırlar: biri qaz verir, o biri isə qarşılığında legitimlik təmin edir. Həqiqət bu qədər sadə və çılpaqdır.

Bütün bunlardan çıxan nəticə aydındır. Əhməd Məmmədliyə verilən 6 il həbs cəzası təşkilatsız xalq kütlələrinə, dağınıq etirazlara və şəxsiyyətə pərəstişə əsaslanan siyasətdən qaynaqlanan dərsdir. Hökumət öz tənqidçilərini rahatlıqla şərləyərək həbs edir, çünki onlar ya ayrı-ayrı fərdlərdir, ya da tarixən tükənmiş və geridəqalmış saxta müxalif partiyaların nümayəndələri. Qərb ölkələri də buna ciddi etiraz etmirlər, onların gözündə əsas məsələ siyasi məhbus yox, enerji müqaviləsi, regional sabitlik, ticarət marşrutu və kapital dövranıdır. Buna qarşı real cavab yalnız bir mənbədən – özünü təmsil edən, öz proqramı olan, şəxslərin şöhrəti üzərində yox, ortaq maddi maraqlar üzərində qurulan güclü işçi sinfi təşkilatından çıxa bilər. Yalnız təşkilatlanmış işçi sinfi bir-iki həbslə ruhdan düşməz, mübarizəni hansısa liderin, məsələn, Əli Kərimli tipli fiqurun siyasi taleyinə bağlamaz və mübarizəni məntiqi sonluğa qədər apara bilər. Çünki işçi sinfinin ortaq maraqları həqiqidir, realdır, davamlıdır. Dövlətin saxta ittiham maşınına qarşı da, Qərbin ikiüzlü sükutuna qarşı da, komprador burjuaziyanın hökmranlığına qarşı da yeganə ciddi cavab sinfi təşkilatlanma, siyasi müstəqillik və sonadək aparılan mübarizədir.