Hökumətin yeni il tərbriki: Benzin və dizelin qiyməti indi niyə artırıldı?

Yeni il ərəfəsində hökumət bizə klassik “təbrik kartı” göndərdi: kartın üstündə bəzəkli küknar ağacı olsa da, içində quru rəqəmlər gözləyir. Aİ-92 benzinin litri 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə qalxır, dizel isə 1 manatdan 1 manat 10 qəpiyə. Üstəlik, qanunvericiliyə edilən dəyişikliklə “yol vergisi” hər litr üçün 7 qəpik müəyyənləşdirilir. Adı “yol”dur, amma yolu birbaşa cibimizdən keçir.

Bu qərarın ən rahatsızedici tərəfi təkcə 5 qəpik, 10 qəpik deyil. Məsələ odur ki, bahalaşma “kiçik” görünəcək qədər xırdalanıb, amma “qaçılmaz” hiss ediləcək qədər gündəlikləşdirilib. 50 litrlik çən dolduran adam Aİ-92-də bir dəfəlik 2 manat 50 qəpik artıq ödəyəcək, dizeldə isə bu rəqəm 5 manat təşkil edəcək. Bu rəqəmlər kimsə üçün iki kofedir, kimsə üçün isə həftənin ən lazımlı xırda xərcləri. Kapitalizm həmişə belə işləyir, zərbəni elə bölür ki, ayrı-ayrılıqda hər kəs “dözər”, birlikdə isə hamı daha çox ödəyər.

Əsl ironiya ondadır ki, biz neft ölkəsiyik. Neft çıxaran ölkədə yanacağın bahalaşması sırf iqtisadi yox, “resurs sənin deyil” formasında ideoloji cümlədir həm də. Dövlət bunu bəzən “bazar”, “tənzimləmə”, “büdcə intizamı” kimi səsləndirir, amma burada bazar hardadır? Qiyməti bazarın məntiqi yox, hökumətin qərarı müəyyənləşdirir, Tarif Şurası isə burada bazarın dili ilə danışan dövlət aparatıdır. Deməli, söhbət “bazar dalğalanması”ndan yox, sinfi seçimdən gedir: pul hardan yığılsın və kimin üstündən yığılsın?

Yanacaq kimi dolayı vergilər bu seçimdə ən rahat alətdir. Çünki dolayı vergi adamı vətəndaş kimi yox, istehlakçı kimi qiymətləndirir. Vətəndaş sual verə bilər, istehlakçı isə sadəcə kassadan keçir. Dolayı vergi xüsusən aşağıgəlirli təbəqələr üçün daha ağırdır, maaşı az olan insan gündəlik hərəkətə, işə gedib-gəlməyə, çatdırılmaya, xırda logistikaya gəlirinin daha böyük hissəsini xərcləyir. Yəni qiymət artımı hamıya eyni görünsə də, hamını eyni vurmayacaq, ən çox işi ilə evi arasında məsafə olanı, regiondan mərkəzə dolanmaq üçün gələni, taksidən və ya avtobusdan asılı olanı, yükdaşıma ilə çörək qazananı vuracaq. Və bu, yalnız sürücünün dərdi kimi qalmır. Yanacaq bahalaşanda, təkərlər bahalaşır, təkərlər bahalaşanda, bazar da bahalaşır. Yükdaşıma qiyməti qalxır, ərzaqdan xidmətə qədər hər şeyin üstünə “görünməz” xərclər yapışır. Bu xərclər sonradan “satıcıların acgözlüyü” kimi müzakirə olunur, halbuki zəncirin başlanğıcında sistemin qərarı dayanır. Beləcə, dövlət bir tərəfdən “qiymət artımlarına qarşı mübarizə” ritorikası qura bilər, digər tərəfdən isə həmin artımların yanacaqla qidalanan mexanizmini işə salır. Cəmiyyətə eyni anda həm səbəb, həm də “nəzarətçi” kimi çıxış etmək avtoritar iqtisadi idarəetmənin sevdiyi roldur.

“Bəs niyə indi?” sualı da havada qalmır. Yeni il ərəfəsi həmişə belə qərarlar üçün əlverişli vaxt sayılır, çünki gündəm parçalanır, insanlar bayram hazırlığındadır, etiraz enerjisi “sabahdan”a saxlanır. Üstəlik, 1 yanvar xətti psixoloji sərhəddir, sanki bahalaşma “keçən ilin problemi” deyil, “yeni ilin qaydası” kimi normallaşdırılır. Qısa desək, bu qərar cəmiyyətə “indi belə olacaq” deyib onu faktla barışdırmaq baxımından kommunikativ texnologiyadır.

Dövlət niyə büdcəni məhz bu yolla doldurur? Çünki bu yol müqaviməti səpələyir. Çünki yanacaq vergisi hamını eyni vaxtda incidir, amma hamını eyni vaxtda birləşdirmir. Çünki bu mexanizm ən zəif təbəqələrə daha ağır təsir göstərir, amma bunu hamıya şamil etmək pərdəsi ilə gizlədir. İri kapitalın, böyük rentanın, böyük gəlirin toxunulmazlığı qorunarkən, xırda-xırda yığım “xalqdan” çıxarılır. Azərbaycan sosial dövlət deyil, xərci aşağıdan yığan renta dövlətidir.

Ən ciddi sual isə yol vergisinin taleyidir. Əgər hər litr üçün 7 qəpik yığılırsa, cəmiyyətin sual yarana bilər ki, bu pul hara gedir? Hansı yolların təmirinə? Hansı tenderlə? Hansı şirkətlərlə? Hansı keyfiyyət standartı ilə? Əgər bu suallara aydın, ölçülə bilən cavab yoxdursa, yol vergisi sadəcə bəhanədir, gerçəkdə isə bu, büdcənin qapadılmayan dəliklərinə yamaqdır.

Konstruktiv çıxış yolu var və o, “fantaziya” deyil. Birincisi, belə dolayı yığım qərarları ictimai müzakirədən keçməlidir, rəqəm bir gecənin içində doğulub səhər hamının cibinə yerləşdirilməməlidir. İkincisi, dövlət yanacağı bahalaşdırırsa, ictimai nəqliyyatı real alternativə çevirməlidir, metro, avtobus xətləri, şəhərətrafı bağlantılar, gecə marşrutları, intervalın azalması mütləq sosial kompensasiya rolunu oynamalıdır. Üçüncüsü, fiskal yükün mərkəzi dolayı vergilər yox, yüksək mənfəət və iri kapital olmalıdır, çünki cəmiyyətin hərəkətini bahalaşdırmaq ən asan, amma ən ədalətsiz yoldur. Dördüncüsü, aşağıgəlirli qruplar üçün kompensasiya mexanizmləri qurulmalıdır, yoxsa “hamı ödəyir” cümləsi gerçəkdə “ən çox kasıb ödəyir” deməkdir.

Bu bahalaşma xəbəri, əslində, hökumətin cəmiyyətlə münasibətinin də qısa xülasəsidir: “susursansa, ödəyirsən”. Yeni il “təbriki”nin sosial tərcüməsi budur. Tamamilə aydındır ki, bu dəfə də hər şeyi xırda qəpiklərə bölüb, böyük susqunluğa çevirmələrinə icazə verəcəyiksə, hər şey daha da pisləşəcək.