İmperializmin bumeranq effekti: 11 sentyabr və kapitalizmin təhlükəsizlik illüziyası

İmperializmin bumeranq effekti: 11 sentyabr və kapitalizmin təhlükəsizlik illüziyası

2001-ci ilin 11 sentyabrı dünya nizamının dərin qatlarını silkələdi. Bir anın içində sanki yalnız iki qüllə yox, bütöv bir əsrin illüziyası da yerlə-yeksan oldu. ABŞ-nin ürəyinə vurulan zərbə bu imperialist dövlətin yüz illər boyunca başqalarının torpaqlarına daşıdığı zorakılığın bumeranq kimi geri dönüşü idi. Lenin “imperializm kapitalizmin ən yüksək və son mərhələsidir” deyərkən təkcə maliyyə kapitalının hegemonluğunu nəzərdə tutmurdu, həm də zorakılığın “ixrac məhsulu” qismində başqa coğrafiyalara daşındığını, lakin tarix boyunca heç bir zorakılığın cəzasız qalmadığını vurğulayırdı.

XX əsr boyunca ABŞ imperializmi Latın Amerikasında çevrilişlər təşkil etdi, Yaxın Şərqdə neft müharibələri apardı, Asiyada millətləri qan gölündə boğmağa çalışdı… Bu zorakılıqlar çox vaxt uzaq torpaqlarda yaşandı, ABŞ isə özünü “təhlükəsiz qalada” hiss edirdi. Amma 11 sentyabr göstərdi ki, imperializmin bumeranqı gec-tez geri dönür. ABŞ-nin maliyyə gücünün simvolu olan Dünya Ticarət Mərkəzi – qloballaşmanın qürurlu vitrini – bir neçə saat ərzində toza çevrildi. Bu həm də ideoloji iflas idi, “dünyanın ən təhlükəsiz ölkəsi” mifi həmin an çökdü.

Kapitalizm həmişə özünü insanlığa təhlükəsizlik, rifah və sabitlik bəxş edən yeganə sistem kimi təqdim edib. ABŞ-nin nəhəng qüllələri də bu illüziyanın memarlıq təcəssümü idi. Lakin 11 sentyabr tarixi bir daha kapitalist təhlükəsizlik anlayışının insanlar üçün yox, kapital üçün olduğunu sübut etdi. Kapitalizm üçün təhlükəsizlik sərmayələrin qorunması, maliyyə axınlarının fasiləsizliyi və bazarların toxunulmazlığıdır. İnsan həyatı isə yalnız bu məqsədlərə xidmət etdiyi qədər dəyərlidir. Qüllələrdə ölən minlərlə insan kapitalizmin gözündə sadəcə “kolleteral itkilər”, yəni sığorta şirkətlərinin hesabatlarında rəqəmlər, televizor ekranlarında isə göz yaşlarına hesablanmış görüntülər idi.

XXI əsrin marksist alimlərindən Devid Harvi, Ellen Meyksins Vud, Naomi Klyayn və digərləri 11 sentyabrın əslində kapitalizmin böhranlarından çıxış üsullarını bir daha ifşa etdiyini göstərirlər. Harvinin təbirincə desək, kapitalizm yalnız yeni məkanları iqtisadi olaraq yox, hərbi güclə də yenidən “istehsal” edir. 11 sentyabr “yeni məkanların fəthi” üçün bəhanəyə çevrildi: Əfqanıstan və İraq işğal olundu, trilyonlarla dollar hərbi-sənaye kompleksinə axıdıldı, “Patriot Act” vasitəsilə isə vətəndaşların azadlıqları boğuldu.

Naomi Klyaynın “Şok doktrinası”nda yazdığı kimi, kapitalizm böhran anlarını fürsətə çevirərək daha sərt nəzarət mexanizmləri qurur. 11 sentyabr da belə bir “şok anı” idi. ABŞ və Qərb ictimaiyyətinə qorxu aşılandı, guya təhlükəsizlik yalnız daha çox ordu, daha çox silah, daha çox nəzarət vasitəsi ilə mümkündür. Əslində isə bu, qorxunun idarəetmə texnologiyasına çevrilməsi – “qorxu kapitalizmi” idi,

İdeologiya da bu prosesin mühüm hissəsinə çevrildi. Lui Altüsserin dediyi kimi, dövlətin media, təhsil və incəsənət kimi ideoloji aparatları dərhal hərbi maşına qoşuldu. “İslam terrorizmi” anlayışı yeni düşmən obrazı kimi konstruasiya edildi, islamofobiya Qərbin siyasi gündəminə yerləşdirildi. Soyuq müharibədən sonra “kommunizm təhlükəsi” yoxa çıxmışdısa, indi onun yerini “terror təhlükəsi” tutdu. Beləcə, “terrorla mübarizə” adı altında yeni işğallar, yeni bazar fəthləri, yeni sərmayə yönləndirmələri həyata keçirildi. Amma marksist perspektiv bizə başqa həqiqəti də göstərir: bütün bu oyunların mərkəzində işçi sinfi həm də qurban qismində dayanır. Qüllələrdə ölənlər də, Əfqanıstanda və İraqda bombaların altında qalanlar da, ABŞ əsgərləri arasında həyatını itirən yoxsul gənclər də işçi sinfinin nümayəndələri idi. İmperializmin bu müharibəsi onların qanı üzərində quruldu, lakin qazanc hər zamankı kimi bankların, enerji şirkətlərinin, silah istehsalçılarının ciblərinə axdı.

11 sentyabrın simvolik məğzi budur: polad qüllələrin yıxılması ilə birlikdə kapitalizmin “toxunulmazlıq” mifləri də dağıldı. Lakin bu miflərin çöküşü hələ kapitalizmin çöküşü demək deyil. Marksın təbirincə, tarixin təkəri öz-özünə hərəkət etmir. İmperializmin bumeranq effekti ancaq işçi sinfinin beynəlxalq həmrəyliyi, zəhmətkeşlərin birgə mübarizəsi ilə tarixi inqilaba çevrilə bilər. Əks halda, hər yeni 11 sentyabr yalnız yeni müharibələrə, yeni nəzarət sistemlərinə, yeni illüziyalara bəhanə olacaq. Çünki kapitalizm yıxılmadıqca, onun qüllələri də, illüziyaları da yenidən inşa ediləcək. Onları həqiqətən yerlə-yeksan edə biləcək yeganə qüvvə isə imperializmin qurbanları, yəni proletariatın özüdür.