İnqilabçı, filosof, nəzəriyyəçi: Lenin niyə bu gün də burjua dünyasını qorxudur?

İnqilabçı, filosof, nəzəriyyəçi: Lenin niyə bu gün də burjua dünyasını qorxudur?

Lenindən bəhs ediləndə elə bir beyin yada düşür ki, sonradan həmin təfəkkür milyonlarla insanın taleyinə qarışdı, siyasətin lüğətini dəyişdi, zülmü həyatın zəruri əsası kimi qəbul etməyə alışdırılmış xalq kütlələrinin qarşısında tarixə başqa cür baxmağın yolunu açdı. Hakim siniflərin Lenin haqqında yüz ildən artıqdır bu qədər təkidlə yalan danışması da bununla bağlıdır. İnsanlar çox vaxt yalnız yaşayan təhlükədən qorxurlar, ölülərdən, şəkillərdən, xatirə günlərindən vahimə ilə danışmırlar. Lenin adı isə onların yaddaşında bir insanın adından daha artıq məna daşıyır, çünki həmin ad bir dəfə yoxsulların, işçilərin, əsgərlərin, kəndlilərin tarixin kənarında dayanmadığını, hadisələrin mərkəzinə daxil olaraq hakimiyyəti əllərinə ala bildiyini bütün dünyaya göstərib. Bu səhnəni burjua dünyası bağışlamayıb və bağışlamayacaq.

Lenini öyrənmək istəyən adamın qarşısında ilk maneə onun düşmənlərinin qurduğu toz dumanıdır. Bəziləri onu yalnız qəzəb, sərtlik və amansızlıqla xatırladır, bəziləri isə onu elə uzaq keçmişin içinə itələyir ki, guya çağdaş dünyanın onunla heç bir əlaqəsi qalmayıb. Halbuki Lenin məhz günümüzün insanlarına çox şey deyə bilir. Vladimir hüquq təhsili almışdı, dövlətin işləmə mexanizmini başa düşürdü, fəlsəfi düşüncə ilə siyasi təşkilatçılığı eyni iradədə birləşdirirdi, nəzəriyyəni quru cümlələr düzən bir məşğuliyyət kimi yox, hadisələrin axarına müdaxilə etməyin aləti kimi işlədirdi. Leninin böyüklüyü bir də ondadır ki, ideyaları həyatdan ayırmırdı, Lenin üçün marksizm canlı hərəkətin içində sınanan, gerçəkliyi izah etməklə kifayətlənməyən, onu dəyişdirməyə yönələn üsul idi.

Bu səbəbdən Lenin haqqında ən vacib həqiqət onun kitablardan danışan adam olmamasıdır. O, kitabları həyatın üstünə qoyurdu. “İmperializm kapitalizmin son inkişaf mərhələsi kimi” əsərinin arxasında yüzlərlə kitab və məqalə ilə işləyən, faktları aylarla toplayan, yeni mərhələyə qədəm qoymuş kapitalizmin daxili bağlarını açmağa çalışan misilsiz zəhmət dayanırdı. Lenin hazır qəliblər axtarmırdı; hadisələrin konkret məntiqini, ziddiyyətlərin necə yetişdiyini, iqtisadi münasibətlərin siyasi nəticələrə necə çevrildiyini araşdırırdı. Ona görə də onu oxuyanda insan yalnız bir neçə siyasi şüar əldə etmir, düşünmə tərzi qazanır. Bu tərz isə indi də son dərəcə qiymətlidir, çünki qarşımızda duran dünya hələ də maliyyə kapitalının təzyiqi, inhisarların hökmranlığı, dövlətlə böyük sərvətin bir-birinə dolanmış maraqları, müharibənin iqtisadi məntiqi, borcun və bahalığın gündəlik həyat üzərində qurduğu görünməz terrorla yaşayır. Lenin həmin mənzərənin anatomiyasını bir əsr əvvəl elə açmışdı ki, bu gün onun sətirlərini oxuyanda bir çox cümlə sanki müasir xəbərlərin alt qatında gizlənmiş izaha çevrilir.

Onu öyrənmək üçün başqa bir səbəb də var və bu səbəb xüsusilə dövlətin və millətin mənafeyi, hüququn aliliyinin qorunması, təhlükəsizlik, sabitlik kimi bəhanələrlə insanların şüuruna fasiləsiz şəkildə cəfəngiyatın təlqin edildiyi bizimki kimi coğrafiyalarda daha aydın görünür. Lenin dövlət məsələsini elə dəqiqliklə açmışdı ki, sonradan saysız-hesabsız saxtakarlıqlar həmin izahın ətrafında fırlanmağa başladı. O, dövlətin bitərəf hakim, ümumi mənafelərin uca evi, hamı üçün bərabər dayanan müqəddəs qurum kimi təqdim olunmasının arxasında gizlənən sinfi mahiyyəti ifşa etdi. Lenin Marks və Engelsin dövlət haqqında cilalanmış, inqilabi kənarları yonulmuş fikirlərini yenidən bərpa etdi və işçi sinfinin qarşısında vəzifəni bütün əhəmiyyəti ilə əsaslandırdı.

Lenin haqqında qəsdən gizlədilən başqa bir məqam onun son dərəcə çevik, konkret və canlı siyasi ağla malik olmasıdır. O, hadisələrə donmuş düsturla yanaşmırdı. 1917-ci ildə bolşevik partiyasının içində belə köhnə şüarların arxasınca sürünənlər vardı, Lenin isə inqilabın ritmini, kütlələrin şüurundakı dönüşü, hakimiyyət məsələsinin yetişməsini onlardan əvvəl duydu və partiyanı yenidən silahlandırdı. Marksizm həyatın mürəkkəbliyindən qorxan şəxslərin sığındıqları quru reseptlər toplusu deyil, daim dəyişən şəraitdə əsas xətti itirmədən irəliləməyin elmidir. Həmin məktəb bugünkü inqilabçılar üçün də əvəzsizdir, çünki hər dövr öz qorxaqlarını, fürsətçilərini, “bir az da gözləyək” deyənlərini, sinfi siyasəti milli birlik, vətəndaş həmrəyliyi, ümumi dövlət marağı kimi bulanıq sözlərin içində əridənlərini doğurur. Lenin bu irticanın arasından bıçaq kimi keçir.

Burjua hökumətlərinin, akademik fırıldaqçıların, ekran sənayesinin və rəsmi medianın Leninlə bitməyən mübarizəsinin əsas sirri də burada yatır. Onlar Lenini ləkələməklə kütlələrin yaddaşından bir tarixi imkanın özünü silmək istəyirlər. Oktyabr inqilabı göstərib ki, bankirlərsiz, mülkədarsız, kapitalistlərsiz cəmiyyətin sükanı başqa əllərə keçə bilir. Bu xatirə kapitalizm üçün dözülməzdir. Elə buna görə Lenin haqqında ən çox yayılan yalanlardan biri Oktyabrı sonrakı bürokratik eybəcərliklərlə eyniləşdirmək, Stalinizmin qaranlığını geri aparıb Lenin dövrünün üzərinə yapışdırmaqdır. Bu saxtakarlıq dəfələrlə ifşa olunub və tamamilə haqlı olaraq Leninə qarşı yazılan saysız “ciddi tarix” nümunələrinin bir hissəsi məhz inqilabın canlı demokratik məzmununu, sovetlərin rolunu, kütlələrin iştirakını görünməz etmək, hər şeyi sonradan yaranmış bürokratik kabusa yükləmək məqsədinə qulluq edir. Əsl qorxu isə bu gün insanların bir vaxtlar dünyanın məzlumlarının, istismar edilənlərinin tarix səhnəsinə çıxıb qalib gəlməsini başa düşə bilmələrindədir.

Leninə sevgi də buradan yaranır. Bu sevgi sadəlövh pərəstiş hissi deyil. İnsan, onun mətnləri ilə rastlaşanda əvvəlcə sərt bir zəka ilə üz-üzə qalır, sonra həmin zəkanın arxasında milyonların əzabını tarixi səbəb və nəticələrlə dərk edən nəhəng bir vicdanın dayandığını hiss edir. Lenin fəhləyə, kəndliyə, əzilən xalqlara, savaşa sürüklənmiş əsgərə, çörək, torpaq, sülh və ləyaqət istəyən insana tarixdə layiq olduğu yeri qaytardı. Milli məsələni işləyərkən də eyni incəlik görünür. O, zülmkar millətin təkəbbürünə qarşı çıxır, əzilən xalqların hüquqlarını müdafiə edir, bütün bunları proletariatın birliyini qorumağın ayrılmaz şərti kimi başa düşürdü. Bu mövzu bu gün də aktualdır və Lenin burada da bizə hazır şablon yox, möhkəm prinsip, çevik taktika və sinfi baxış buraxıb.

Bütün bunlara görə Lenin haqqında yalan danışmaq burjua dünyası üçün siyasi zərurətə çevrilib. Çünki Lenin oxuyanları aldatmaq daha çətindir. O, xəbərlərin, rəsmi çıxışların, milli maraqlarla bağlı nağılların, “bazardan başqa yol yoxdur” xütbələrinin arxasında kimin danışdığını, kimin qazandığını, kimin susdurulduğunu görməyə başlayır. İstismar davam etdikcə, müharibə sərvət uğrunda yeni coğrafiyalara daşındıqca, dövlət aparatları sərvəti qorumaq üçün daha həyasız şəkildə sərtləşdikcə, Lenin yenə qayıdacaq. Onu bir dəfə dəfn etmək mümkün olmayıb. Yenə mümkün olmayacaq. İnsanın insanı əzdiyi, bir ovuc kapitalistin xalqın böyük əksəriyyətini istismar etdiyi quruluşun mövcudluğunu davam etdirdiyi hər növbəti gün Leninin aktuallığı daha da artacaq. Çünki bu istismarı, bu sistemi məğlub edən ən müvəffəqiyyətli cəhd məhz Leninin qurduğu partiya modeli sayəsində mümkün olub.