Nyu-York 5 noyabr 2025-də tarix yazdı, 34 yaşlı “Demokratik Sosialistlər Amerikası” üzvü Zohran Mamdani şəhərin 111-ci meri seçildi. Bu, ABŞ siyasətində həm nəsil, həm də ideoloji dəyişimin açıq siqnalıdır. Əsas rəqibləri Endryu Kuomo və Kurtis Slivanı geridə qoyan Mamdani təkcə seçki texnikası ilə yox, yaşayış xərclərini real olaraq azaltmağı hədəfləyən proqramı ilə qalib gəldi. Beləliklə, Nyu-York ilk dəfə müsəlman meri seçmiş oldu.
Bu qələbənin əsas səbəbləri pandemiya sonrası bahalaşma, kirayə böhranı, nəqliyyat xərclərinin artımı və sosial bərabərsizlik hissinin dərinləşməsidir. Kirayə qiymətlərinə sərt nəzarət, uşaq baxımının ümumiləşdirilməsi, 1 saat üçün 30$ minimum əməkhaqqı, varlıların daha çox vergiyə cəlb edilməsi, tamamilə pulsuz və ya ən azı avtobuslarda gedişhaqqısız ictimai nəqliyyat, həmçinin dövlət ərzaq mağazaları kimi “baza malların” 20-30% ucuz satıldığı mexanizmlər isə Mamdaninin kampaniyasının əsas müddəalarıdır. Bütün bunlar insanların həyat dəyəri ilə birbaşa bağlı konkret alətlərdir.
Simvolik cəbhədə də gərginlik böyük idi: “New York Post” Mamdanini oraq-çəkiç fonunda “sosialist” kimi təqdim edən ilk səhifə ilə çap olundu, Donald Tramp onu “kommunist” adlandıraraq Nyu-Yorkun federal maliyyəsini kəsməklə hədələdi. Lakin bu ritorika şəhər seçicisinin gündəlik narahatlıqlarını kölgədə qoya bilmədi. Əksinə, “kimin tərəfindəsən?” sualına sosial təminat, kirayə, nəqliyyat və ərzaq qiymətləri ilə cavab verən mesaj qalib gəldi.
Kuomo ilə rəqabət “köhnə qvardiya” ilə “yeni sol” arasında seçimi də kəskinləşdirdi. İdarəçilik təcrübəsi, biznes elitaları ilə bağlar və 2021-ci ildə istefaya aparan qalmaqallar keçmiş qubernatoru şəhər səviyyəsində də zəiflətdi, Mamdani isə “korporativ maraqlardan azad, gənc və təşkilatlanmış sol siyasətçi” obrazını qorudu.
Bəs Mamdaninin qələbəsində sosialist gündəm realdırmı? Buna dairtənqidlərin bir hissəsi haqlıdır, merin səlahiyyətləri federal və ştat səviyyəsindəki hüquqi-maliyyə çərçivələrlə məhdudlaşır. Məsələn, vergi dərəcələrinin bir çoxu ştat səviyyəsində müəyyənləşdirilir, nəqliyyat subsidiyalarının böyük qismi isə Nyu-York ştatı və MTA (Nyu-York ştatının Metropoliten Nəqliyyat İdarəsi) vasitəsilə formalaşır. Deməli, Mamdani və komandasının müvəffəqiyyəti üç kanaldan asılı olacaq: şəhər səviyyəsində büdcə prioritetlərinin sərt şəkildə yenidən tərtibi; ştat parlamenti və qubernator administrasiyası ilə taktiki koalisiya; aşağıdan yuxarı ictimai təzyiq, yəni seçki kampaniyasını doğuran eyni sosial enerjinin davamlı təşkilatlanması. Onun əvvəlki fəaliyyətində (məs., ödənişsiz avtobus xətlərinin yaradılması tələbi, taksi sürücülərinin aclıq aksiyasına dəstək) “qayda-qanun içində radikalizm” taktikası gözə dəyirdi və indi bu, şəhər miqyasında sınağa çıxacaq.
Belə olan halda niyə bu qələbə sosializmə açılan qapıdır? Birincisi, mərkəzləşdirilmiş “ideoloji” çağırışdan çox, ictimai nəqliyyat, ərzaq və kirayə məsələsi, yəni istehsal olunan sərvətin bölgüsü, ictimai məhsul və xidmətlərin necə idarə edilməsi kimi sosialist məntiqin gündəlik zərurətlərdən doğduğunu göstərir. Bu, sosializmi “uzaq ideya” yox, şəhər idarəçiliyinin praqmatik dili kimi təqdim edir.
İkincisi, Mamdaninin qalib gəlməsi “radikal şüar”ların seçkini uduzdurduğu tezisini sarsıdır. Əgər şüarlar konkret mexanizmlərə, məsələn, büdcə, tarif, tənzimləmə, ictimai mülkiyyətə bağlanırsa, seçici bunu “risk” yox, “çıxış yolu” kimi görür. Nyu-York kimi maliyyə mərkəzində belə həlledici dəyişikliyin baş tutması ABŞ siyasətində sinfi xəttin yenidən çəkildiyini göstərir.
Üçüncüsü, bu hadisə qlobal şəhərlər üçün presedent yaradır: “sosial şəhər” paradiqması. Belə yanaşmanın əsas ideyaları isə kirayə sabitliyi, ictimai xidmətlərin genişləndirilməsi, ərzaq təhlükəsizliyində dövlət iştirakının artırılmasıdır və liberal-texnokratik menecmentin yerini tədricən “ictimai-mülkiyyət yönlü” modellərə buraxa bilər. Bu, solun təkcə etirazdan yox, idarəetmədən də keçə biləcəyini sübut etmək üçün laboratoriyadır.
Mamdaninin qələbəsi insanları “solçu” etdiyi üçün yox, özlərini sosial ədalətə aparan çıxışı burada gördükləri üçün mümkün oldu. Əgər bu proqramın müddəları şəhərdə ölçülə bilən dəyişiklik yaratsa, Nyu-York təkcə simvolik deyil, praktiki mənada da sosializmin şəhər mərhələsinin “işlək modeli”nə çevrilə bilər. Bu isə tək Nyu-York üçün yox, qlobal sol siyasət üçün də dönüş nöqtəsidir.
