Orbanın məğlubiyyəti xalqın hökmüdür, amma Madyar zəhmətkeş xalqı düşünəcək şəxsdirmi?

Orbanın məğlubiyyəti xalqın hökmüdür, amma Madyar zəhmətkeş xalqı düşünəcək şəxsdirmi?

Macarıstanda keçirilən seçkilərin nəticəsini sadəcə hakimiyyət dəyişikliyi kimi oxumaq səthi yanaşma olardı. Viktor Orbanın rəhbərlik etdiyi ultrasağ “Fides” partiyası 16 illik hakimiyyətdən sonra darmadağın oldu, Peter Madyarın təmsil etdiyi “Tisa” partiyası isə konstitusiyanı dəyişəcək həddə çatan parlament çoxluğu əldə etdi. Küçələrdə bayram ab-havası, rekord seçici fəallığı və rejim dəyişikliyi haqqında danışan liberal şərhlər bir həqiqəti ört-basdır edə bilməzlər: Macarıstanda səs verənlərin mühüm hissəsi Madyarı sevdikləri üçün yox, Orbana nifrət etdikləri üçün fəallıq göstərdilər.

Bu nəticənin arxasında ilk növbədə ideoloji sehrin pozulması dayanır. Orban uzun illər Avropa İttifaqı ilə Rusiya arasında manevr etməklə, dövlət müdaxiləsi ilə milli kapitalı böyütməklə, mühafizəkar ailə və xristian dəyərləri adı altında siyasi dayaqlarını möhkəmləndirməklə özünü sabitliyin memarı kimi təqdim etmişdi. Amma kapitalist böhran dərinləşdikcə həmin parlaq vitrin dağıldı, qiymətlər kəskin artdı, maaşlar sıxışdı, sosial xidmətlər zəiflədi, korrupsiya isə artıq adi siyasi söz deyil, gündəlik həyatın görünən faktına çevrildi. Macarıstan xalqı Orbanı ilk növbədə ona görə rədd etdi ki, onun vəd etdiyi “milli dirçəliş” ideyası geniş kütlələr üçün həyatın yaxşılaşmasına yox, bahalaşmaya, yoxsulluğa və bezginliyə çevrildi.

Xüsusilə gənclərin reaksiyası çox şey deyir. Seçici fəallığı 80 faizə yüksəldi və bu rəqəmdə gənclər həlledici rol oynadılar. 18-29 yaş qrupunda Orbana dəstək cəmi 8 faiz səviyyəsində idi. Bu, 16 il ərzində eyni hakimiyyət altında böyüyən, müəllim çatışmazlığı yaşayan məktəbləri, ağırlaşan yaşayış şərtlərini, dağılmış perspektiv hissini və hakim çevrələrin ictimai sərvət hesabına kökəlməsini görən nəslin siyasi qəzəbidir. Yəni məsələ “azadlıqsevər gənclər qalib gəldi” kimi romantik başlıqlarla izah edilməməlidir, məsələ budur ki, sistem artıq öz gələcəyini belə inandıra bilmir.

Hərçənd əsas tələ də elə burada başlayır. Peter Madyar özünü yeni sima kimi təqdim etsə də, o, göydən düşmüş xilaskar deyil. Madyar illərlə Orbanın təmsil etdiyi “Fides”in üzvü olmuş, həmin siyasi maşının parçası kimi fəaliyyət göstərmiş fiqurdur. Onun yüksəlişi hər hansı prinsipial ideoloji qırılmanın nəticəsi deyil, “Fides”in ətrafında yığılan qəzəbin yeni ünvana axmasıdır. Başqa sözlə, Madyar Orbanın yaratdığı böhrana qarşı sistemxarici cavab yox, sistemdaxili ehtiyat variant kimi meydana çıxıb. O, korrupsiyanı hədəfə alsa da, həmin korrupsiyanı doğuran sinfi münasibətlərə toxunmur. Bu isə siyasətdə tez-tez gördüyümüz köhnə fənddir, yəni sistem saxlanılır, adı isə fərqli təqdim edilir.

Məhz buna görə Madyarın proqramı ilə Orbanın xətti arasında mahiyyət fərqi o qədər də böyük deyil. Hətta Madyar bəzi məqamlarda “Fides”i sağdan da ötüb. Məsələn, miqrasiya məsələsində Orbanı “yumşaqlıqda” günahlandırıb. Ukrayna məsələsində də liberal Avropanın yaratdığı mif qədər böyük qırılma yoxdur, o, Avropa İttifaqının yardım paketinə əngəl çıxarmayacağını desə də, Macarıstanın öz vəsaitini bu istiqamətə yönəltməyəcəyini bildirib, Ukraynanın Aİ üzvlüyünün sürətləndirilməsinə də qarşı çıxıb. Rusiya ilə enerji bağlılığına gəlincə isə, “coğrafiyanı dəyişmək olmaz” deyərək əvvəlki reallığı etiraf edib. Deməli, Orban getməsi ilə Macarıstana Avropa dəyərlərinin qayıtmasıyla bağlı sevinc daha çox liberal özünüaldatmadır. Burada gördüyümüz, ən yaxşı halda, Orbansız Orbandır.

Üstəlik, Madyarın qarşılaşacağı iqtisadi şərait Orbanın hakimiyyətə gəldiyi dövrdən xeyli ağırdır. Macarıstan artıq yüksək inflyasiya, böyük büdcə kəsiri, Rusiya enerjisindən ciddi asılılıq və Aİ-dən gələcək qənaət təzyiqləri ilə üz-üzədir. Belə şəraitdə hər hansı sağ-populist və ya liberal-mərkəzçi hökumətin sosial rifahı ciddi şəkildə yüksəltməsi real görünmür. Kapital öz payını istəyəcək, Brüssel intizam tələb edəcək, bazar isə hesabı yenə işçilərə və gənclərə ödədəcək. Seçki gecəsinin şampanı bitəndən sonra masada qalacaq əsas sual budur: həyat doğrudan da dəyişəcəkmi? Cavab aydındır. Xeyr, bu proqramla həyat dəyişməyəcək.

Bütün bunların içində ən ağır mənzərə isə solun yoxluğudur. Macarıstan Sosialist Partiyası bir vaxtlar hakimiyyətdə olub və işçi sinfinə qarşı qənaət siyasəti apararaq özünü gözdən salıb. Nəticədə cəmiyyətin yığılıb qalan qəzəbi sol istiqamətə yox, növbəti sağçı alternativə axıb. Bu, təkcə Macarıstanın bağlı problem deyil, klassik sosial-demokrat ideyaların iflasının nəticəsidir. İşçi sinfi əleyhinə siyasət aparıb sonra özünü “sol” adlandıranlar, əslində, gələcəyin Orbanlarını və Madyarlarını hazırlayırlar. Boş qalan siyasi sahəni tarix heç vaxt boş saxlamır, oranı mütləq kimsə doldurur.

Ona görə Macarıstandakı seçkinin marksist dərsi sadədir: sağçı avtoritarizmin böhranı avtomatik olaraq xalq hakimiyyətinə aparmır. Kütlələrin qəzəbi böyük siyasi enerji yaradır, amma bu enerji müstəqil sinfi proqram və təşkilat olmadıqda yenə burjua siyasətinin başqa bir qoluna bağlanır. Orbanın nüfuzdan düşməsi mühüm mərhələdir, lakin Madyarın da eyni kapitalist çərçivədə həll təklif etməsi onun da gec-tez ifşa olunacağını göstərir. Çıxış yolu nə “Fides”dir, nə “Tisa”, nə də Brüsselin himayəsində “normal Avropa” xülyası. Çıxış yolu işçi sinfinin öz partiyasının, öz proqramının və iqtisadiyyat üzərində işçi nəzarətini hədəfləyən həqiqi sosialist alternativin qurulmasındadır. Macarıstan xalqı Orbanı rədd etdi, indi əsas məsələ odur ki, növbəti mərhələdə sistemi də rədd edə biləcək siyasi qüvvə yaransın.