Pakistan dərsləri: Azərbaycan zəhmətkeşləri Kəşmir üsyanından nə öyrənə bilərlər?

Pakistan dərsləri: Azərbaycan zəhmətkeşləri Kəşmir üsyanından nə öyrənə bilərlər?

İstənilən ölkədə hakim siniflər xalqa daim dövlətin həddindən artıq güclü, zəhmətkeşlərin isə zəif, dağınıq və aciz olması ilə bağlı eyni yalanı danışırlar. İşçinin maaşı verilmirsə, şikayət etməsi, hüququ pozulursa, məhkəməyə müraciət etməsi, həyatı dözülməz hala gəlirsə, növbəti seçkini gözləməsi tövsiyə olunur. İnsanlara hər şey təklif edilir, yalnız birlikdə hərəkət etməkdən başqa.

Pakistanın idarə etdiyi Cammu və Kəşmirdə baş verənlər bu yalanın necə dağıldığını göstərir. Xalq Fəaliyyət Komitəsinin çağırışı ilə yüz minlərlə insan küçələrə çıxıb. Mağazalar bağlanıb, nəqliyyat dayanıb, yollar kəsilib, inzibati idarəetmə iflic vəziyyətə düşüb. Pakistan dövləti interneti söndürüb, yüzlərlə insanı həbs edib, etirazçıları güllələyib, hərəkatı “terrorçu təşkilat” elan edib və rəhbərlərinin tutulması üçün mükafat qoyub. Lakin bütün bu repressiyalar hərəkatı dayandıra bilməyib.

Bunun səbəbi insanların sadəcə qəzəbli olması deyil. Hakim sinif qəzəbli insanlardan qorxmur, çünki qəzəb səngiyə, diqqət yayına, etirazçı yorula bilər. Hakim sinif məhz təşkilatlanmış və cəmiyyətin fəaliyyətini dayandırmaq qabiliyyətinə malik kütlələrdən qorxur. Kəşmirdəki hadisələrin Azərbaycan zəhmətkeşləri üçün əsas dərsi də budur.

Kapitalist dövləti özünü bütün cəmiyyətin maraqlarını qoruyan bitərəf qüvvə kimi təqdim edir, halbuki sosial mübarizə kəskinləşən kimi bu maska düşür. Kəşmir əhalisi baha elektrik enerjisinə, ərzaq qiymətlərinə, işsizliyə, siyasi imtiyazlara və yerli əhalinin iradəsini heçə sayan idarəetmə sisteminə qarşı çıxırdı. Dövlət bu tələblərə cavab vermək əvəzinə silahlı qüvvələri küçələrə çıxardı. Beləliklə, çörək, elektrik enerjisi və siyasi təmsilçilik tələbi dərhal “dövlət təhlükəsizliyi” məsələsinə çevrildi.

Hakimiyyət xalqı yalnız itaət etdiyi müddətdə “vətəndaş” sayır. İnsanlar təşkilatlanıb tələblərini həyata keçirmək üçün iqtisadi və ictimai həyatı dayandıranda isə “terrorçu”, “təxribatçı” və “xarici qüvvələrin aləti” elan olunurlar.

Bu, yalnız Pakistan dövlətinə məxsus üsul deyil. Azərbaycanda da hər bir müstəqil sosial etiraz “sabitliyə təhlükə” kimi təqdim olunur. İşçi maaşını tələb edəndə əmək mübahisəsindən, bir neçə yüz işçi birlikdə hərəkət edəndə isə dövlət təhlükəsizliyindən danışmağa başlayırlar, çünki hakim sinif öz maraqlarını bütün xalqın marağı kimi göstərir.

Dövlət cəmiyyətin fövqündə dayanan neytral hakim deyil. O, hakim sinfin mülkiyyətini və siyasi üstünlüyünü qoruyan təşkilatlanmış zor aparatıdır. Polis, məhkəmə, bürokratiya və həbsxana kapitalist cəmiyyətində müxtəlif siniflər arasında ədalət yaratmaq üçün yox, mövcud mülkiyyət münasibətlərini qorumaq üçün fəaliyyət göstərir. Buna görə zəhmətkeşlərin mübarizəsi müəyyən həddə çatdıqda qarşılarında təkcə bir sahibkarı və ya məmuru yox, bütöv dövlət aparatını görürlər.

Kəşmir hərəkatının qüvvəsi yalnız nümayişlərdə iştirak edən insanların sayında deyil. Əsas məsələ onların cəmiyyətin gündəlik fəaliyyətini dayandırmasıdır. Kapitalistlər fabriklərə, banklara, ticarət şəbəkələrinə, neft yataqlarına və iri şirkətlərə sahib ola bilərlər. Lakin bu sərvəti yaradan, nəqliyyatı hərəkətə gətirən, elektrik sistemini işlədən, xəstəxanaları, məktəbləri və bütün xidmət sahələrini ayaqda saxlayan işçilərdir.

Bir işçi narazı qalanda onu işdən çıxarmaq mümkündür. Bütün müəssisə işləməkdən imtina etdikdə sahibkar danışığa məcbur olur. Müxtəlif sahələrin işçiləri eyni vaxtda hərəkətə keçdikdə isə məsələ ayrı-ayrı müəssisələrin sərhədini aşır və siyasi hakimiyyət məsələsinə çevrilir. Ümumi tətilin gücü buradadır. O, kapitalist hakimiyyətinin əsas sirrini açır və göstərir ki, cəmiyyəti idarə edənlər onun nemətlərini yaradanlar deyil, nemətləri, iqtisadi dəyəri yaradanlar isə onu idarə etmirlər.

Azərbaycanda işçi narazılıqları əsasən parçalanmış şəkildə meydana çıxır. Kuryer öz problemi ilə, tikinti fəhləsi öz təhlükəsizliyi ilə, müəllim maaşı ilə, həkim iş yükü ilə təkbaşına mübarizə aparır. Sosial şəbəkələrdə qısa müddətli qəzəb yaranır, sonra növbəti mövzu əvvəlkini əvəz edir. Kapitalist üçün bundan əlverişli vəziyyət ola bilməz. O istəyir ki, işçilər eyni problemin müxtəlif formaları ilə üzləşdiklərini anlamasınlar. Kəşmir təcrübəsi isə göstərir ki, müxtəlif sosial tələblər vahid hərəkatda birləşdirildikdə dövlətin zahiri qüdrəti sürətlə sarsılır. Hakimiyyətin inzibati binaları, silahlı qüvvələri və təbliğat vasitələri qalır, lakin onun əmrlərini həyata keçirən ictimai mexanizm işləmir.

Kəşmirdəki hərəkat birdən yaranmayıb. Ona qədər illərlə davam edən yürüşlər, tətillər, yerli komitələr, danışıqlar və qarşıdurmalar olub. İnsanlar bir-birini tanıyıb, mübarizə təcrübəsi qazanıb və təşkilati əlaqələr qurublar.

Bu məqam Azərbaycan üçün xüsusilə vacibdir. Bizdə təşkilatlanma çox vaxt haqsızlıq baş verdikdən sonra yada düşür. Maaşlar verilməyəndə, işçilər ixtisar ediləndə və ya kimsə döyüləndə əlaqələr qurmağa çalışırlar. Lakin repressiya başlayandan sonra təşkilat yaratmaq qat-qat çətinləşir.

Təşkilatlanma yanğın başlayandan sonra su axtarmaq deyil. Yanğından əvvəl su xəttini çəkməkdir. İş yerlərində etibarlı işçi qrupları, müstəqil həmkarlar ittifaqları və seçilmiş nümayəndələr əvvəlcədən yaradılmalıdır. İşçilər kollektiv tələblər hazırlamalı, tətil fondları qurmalı, hüquqi və maddi yardım şəbəkələri yaratmalıdırlar. İşçi həm özünün, həm də ailəsinin taleyini düşünür. Ona görə təşkilat qorxunu mənəvi çağırışlarla yox, real həmrəylik və maddi təminatla aradan qaldırmalıdır. Lakin təşkilatlanma haqqında ümumi çağırış da kifayət etmir. Hər təşkilatın hansı sinfin proqramını müdafiə etdiyi əsas məsələdir.

Xalq Fəaliyyət Komitəsi yalnız fəhlələrdən ibarət deyil. Onun daxilində kiçik tacirlər, hüquqşünaslar, tələbələr, sürücülər və başqa təbəqələr də iştirak edir. Bu genişlik hərəkatın üstünlüyüdür, lakin eyni zamanda onun ziddiyyətidir. Kiçik sahibkarla muzdlu işçi müəyyən müddət eyni tarifə və məmur özbaşınalığına qarşı birləşə bilər. Ancaq onların son məqsədləri fərqlidir. Kiçik sahibkar güzəşt əldə edib əvvəlki fəaliyyətinə qayıtmaq istəyir. İşçi isə kapitalist istismarının özündən azad olmadan davamlı çıxış yolu tapa bilməz. Buna görə geniş xalq hərəkatının gələcəyi onun daxilində hansı sinfin rəhbərlik etməsindən asılıdır. İşçi sinfi müstəqil proqram və təşkilatla çıxış etməzsə, hərəkatın taleyini mötədil tacirlər, liberal siyasətçilər və danışıqlara üstünlük verən rəhbərlər müəyyənləşdirəcəklər.

Hakimiyyət kütləvi hərəkatı dərhal məğlub edə bilmədikdə danışıqlara başlayır. Məqsəd hər zaman tələbləri yerinə yetirmək deyil. Bəzən dövlət yalnız vaxt qazanmaq, qüvvələrini toplamaq, hərəkatı yormaq və onun daxilində parçalanma yaratmaq istəyir. Danışıqlar özlüyündə xəyanət deyil. Mübarizə nəticəsində güzəştlər əldə etmək mümkündür. Lakin danışıqlar kütləvi fəaliyyətin yerini tutmağa başlayanda onlar tələyə çevrilirlər.

Kəşmirdə hərəkat həftələrlə yolları və inzibati həyatı iflic edib. Belə vəziyyətdə məsələ yalnız hökumətə təzyiq göstərməkdən ibarət deyil. İnsanlar faktiki olaraq dövlətin öz funksiyalarını yerinə yetirməsinə mane olurlar. Bunun ardınca qaçılmaz sual yaranır: cəmiyyəti kim idarə etməlidir?

Əgər rəhbərlik bu sualdan qaçır, hər dəfə yeni ultimatum, yeni danışıqlar və yeni möhlət elan edirsə, təşəbbüs tədricən dövlətə keçir. Kütlələr yorulur, ən fəal təbəqə təcrid olunur, hakimiyyət isə repressiya üçün münasib an gözləyir. Bu, düşünülməmiş silahlı qarşıdurma çağırışı deyil. İnqilabi siyasət macəraçılıq demək deyil. Lakin tərəddüd də təhlükəsiz yol deyil. Hakim sinif geri çəkilən kütləvi hərəkatı bağışlamır.

Qətiyyət yalnız irəli getmək çağırışı ilə məhdudlaşmamalıdır. İş yerlərində, məhəllələrdə, universitetlərdə və şəhərlərdə seçilən nümayəndələrdən ibarət komitələr yaradılmalıdır. Bu nümayəndələr istənilən vaxt geri çağırıla bilməli, tətili, nəqliyyatı, ərzaq bölgüsünü, tibbi yardımı və təhlükəsizliyi təşkil etməlidirlər. Belə komitələr sadəcə etirazın texniki orqanları deyil, onlar gələcək fəhlə hakimiyyətinin başlanğıc formalarıdır.

Azərbaycan zəhmətkeşlərinin mübarizəsi əmək haqqının real bahalaşmaya uyğun artırılması, səkkiz saatlıq iş günü, artıq işə görə tam ödəniş, qeyri-rəsmi məşğulluğun ləğvi, təhlükəsiz əmək şəraiti, müstəqil həmkarlar ittifaqı və tətil hüququ kimi konkret tələblərdən başlamalıdır. Ancaq bu mübarizə yalnız ayrı-ayrı sahibkarların davranışını dəyişməklə kifayətlənə bilməz. Müəssisə sahibi işçiləri ixtisar, istehsalı dayandırmaq və ya kapitalı ölkədən çıxarmaqla hədələyirsə, həmin müəssisə kompensasiyasız milliləşdirilməli və işçilərin nəzarətinə verilməlidir.

Banklar, neft-qaz sənayesi, iri tikinti şirkətləri, nəqliyyat və ticarət monopoliyaları bir ovuc oliqarxın mülkiyyətində qaldıqca cəmiyyətin sərvəti əksəriyyətin ehtiyaclarına xidmət etməyəcək. Bu sahələr ictimai mülkiyyətə çevrilməli və işçi nəzarəti altında demokratik plan əsasında idarə olunmalıdır. İşçi sinfi öz mübarizəsini liberal kapitalistlərə, keçmiş məmurlara və hakimiyyətdəki şəxsləri dəyişməklə sistemi xilas etmək istəyən müxalifətə tabe etməməlidir. Hakim sinfin bir qrupunu digəri ilə əvəz etmək zəhmətkeşlərin hakimiyyətə gəlməsi demək deyil.

Buna görə həmkarlar ittifaqları və işçi komitələri ilə yanaşı, inqilabi kommunist təşkilatın qurulması həlledici əhəmiyyət daşıyır. Kortəbii hərəkat kütlələrin gücünü üzə çıxara bilər, lakin öz-özünə düzgün proqram və rəhbərlik yaratmır. İnqilab başlayan zaman sıfırdan partiya qurmaq mümkün deyil. Proqram, kadrlar və təşkilat əvvəlcədən hazırlanmalıdır.

Kəşmir xalqı göstərir ki, dövlətin silahı, polisi və bürokratiyası təşkilatlanmış kütlələrin qarşısında iflic ola bilər. Lakin həmin hərəkat başqa həqiqəti də göstərir: kütlələrin qəhrəmanlığı inqilabi rəhbərliyin yerini tuta bilməz.

Bir işçi şikayət edir. Min işçi tətil edir. Milyonlarla işçi öz sinfi gücünü dərk edib təşkilatlandıqda isə artıq hakim sinifdən mərhəmət istəmir, hakimiyyəti onun əlindən alır. Azərbaycan zəhmətkeşlərinin Kəşmir üsyanından öyrənməli olduğu əsas dərs budur.