Qərbi Kaspi Universitetində növbəti rəzillik: Müəllim işdən əsassız çıxarılıb

Qərbi Kaspi Universitetində növbəti rəzillik: Müəllim işdən əsassız çıxarılıb

Qərbi Kaspi Universiteti bir daha qalmaqalla gündəmdədir. Bu ali məktəb əvvəllər də tələbə və müəllimlərin hüquqlarını pozması ilə diqqət çəkmişdi. İndi isə marksist baxışları ilə tanınan müəllim Yusif Yusifzadə cəmi 3 gün dərs dedikdən sonra əsassız olaraq işdən azad edilib.

Müəllim sosial şəbəkə hesabında yazıb:

“15 sentyabrda işə qəbul olundum, dərs dedim. Amma nə müqavilə bağladılar, nə də şəffaflıq vardı. Bir neçə gün sonra rəhbərliyin qərarı ilə işdən çıxarıldım. Əsl səbəb isə sosial şəbəkədəki paylaşımlarımdır. Universitet məni müqaviləsiz işlədib istismar etdi”.

Niyə belə hallar baş verir? Bənzər hadisələrin köklərini təkcə bir universitetin “özbaşınalığı”nda axtarmaq doğru olmaz, bu, bütöv təhsil sisteminin sinfi mahiyyəti ilə bağlıdır. Kapitalizm şəraitində universitetlər yalnız elm və maarif mərkəzi yox, eyni zamanda biznes müəssisəsi kimi fəaliyyət göstərir.

Universitet rəhbərlikləri “müştəri” kimi gördükləri tələbələrdən vəsait toplamağı, “işçi qüvvəsi” kimi gördükləri müəllimləri isə itaətdə saxlamağı hədəfləyirlər. Bu səbəbdən müəllimlərin söz azadlığı, siyasi baxışları, tələbələrin isə etiraz və təşkilatlanma cəhdləri daim basqılanır.

Əmək münasibətlərində hüquqsuzluq normaya çevrilib, müqaviləsiz işə cəlb etmə, dərs proqramı yazdırıb sonra işdən çıxarma, haqqı ödənilməyən əlavə işlər bir çox müəllimin gündəlik təcrübəsidir.

İdeoloji nəzarət əsas şərtdir, müəllim və tələbələr sistemə uyğunlaşmağa məcbur edilir. Kimsə “fərqli düşüncə” ortaya qoyanda, xüsusilə marksist mövqedən danışanda dərhal “təhlükəli” elan edilir. 

Təhsil nə üçün var? Marks və Engels yazırdılar ki, dövlətin bütün institutları, o cümlədən məktəb və universitetlər, əslində hakim sinfin maraqlarına xidmət edir. Lui Altüsser bunu daha da aydın ifadə etmişdi: məktəb dövlətin ideoloji aparatı kimi işləyir, yəni təkcə bilik öyrətmir, həm də itaət öyrədir.

Bu gün Azərbaycanda da universitetlərin çoxunda tələbələr müstəqil düşünməyə yox, “imtahandan keçməyə” yönləndirilir; müəllimlər isə azad elmi tədqiqat aparmaq deyil, rektorun göstərişlərini yerinə yetirməyə məcbur edilirlər.

Qərbi Kaspi Universitetində baş verən bu rəzillik kapitalist təhsil sisteminin mahiyyətini açan simptomdur:

  • Tələbənin səsi boğulur,
  • Müəllim hüquqsuzlaşdırılır,
  • Universitetlər bazarın qaydaları ilə idarə olunur.

Amma unutmayaq, hər zülm müqavimət doğurur. Təhsil alanların və müəllimlərin hüquqlarının qorunması üçün mübarizə aparmaq, hadisələri ictimailəşdirmək və birlikdə hərəkət etmək vacibdir.

📢 Şüarımız dəyişməzdir: “Təhsil alanlar, artıq sizin də medianız var!”