Təhsil sistemi özünü ən çox məhz susduğu yerdə ifşa edir. Auditoriyalarda, dəhlizlərdə, rəsmi tədbirlərdə, pafoslu çıxışlarda yox, tələbə özünü müdafiəsiz hiss edəndə, narahatlığını dilə gətirməyə qorxanda, qarşısındakı müəllimin statusu onun səsini boğanda. Bu gün biz məhz belə bir tablo ilə üz-üzəyik. Və bu tablo bir müəllimin rəzilliyi və idbarlığı fonunda bütöv sistemin mənəvi səfalətini göstərir.
Redaksiyamıza müxtəlif universitetlərdən Azər Qasımov barəsində ciddi və bir-birinə bənzər şikayətlər daxil olur. Şikayətlərin mahiyyəti eynidir: müəllim-tələbə münasibətinin sərhədlərini aşaraq oğlan tələbələrə qarşı cinsi eyhamlarla müşayiət olunan, sonra isə “zarafat” adı ilə yüngülləşdirilməyə çalışılan yazışmalar və davranışlar. Guya alçaldıcılıq smayliklə yazılanda məsumlaşır. Məsumlaşmır. Sadəcə daha rəzil görünür.
Müəllimlə tələbə bərabər tərəflər deyil. Bir tərəfin əlində qiymət, nüfuz, akademik təsir varsa, digər tərəfdə tərəddüd, qorxu var, “şikayət etsəm, mənə inanacaqlarmı?” sualı var. Belə münasibətdə “gəlin çay içək”, “narahat olmayın, sizi yeməyəcəm”, “istəsəniz, yeyə də bilərəm” tipli ifadələr boş söz deyil. Bunlar sərhəd pozuntusudur. Bunlar sınaqdır. Bunlar qarşı tərəfin nə qədər susacağını yoxlamaq cəhdidir. Və bunları “yumor”, “səmimiyyət”, “zarafat” adı ilə təqdim etmək köhnə fənddir. Çürük, murdar və çoxdan ifşa olunmuş bir fənd.
Ən ağır məsələ isə bundan da betərdir. İddialar və narahatlıq ortada olsa da, təhsil sistemi yenə öz klassik rolunu oynayır və susur. Sanki tələbənin ləyaqəti yox, təhsil müəssisəsinin adı qorunmalıdır. Elə bil əsas məsələ tələbənin yaşadığı psixoloji gərginlik yox, universitetin adının hallanmamasıdır. Elə bil bu ölkədə müəllim toxunulmaz, tələbə isə həmişə şübhəli tərəfdir. Məhz buna görə Azərbaycan təhsil sistemi bu qədər tez-tez utanc doğuran mənzərələr yaradır, çünki burada çox vaxt həqiqət yox, görüntü qorunur.
Azər Qasımov haqqında açıq mənbələrdə onun müxtəlif ali təhsil müəssisələri ilə əlaqəsi göstərilir. Amma məsələ təkcə onun harada dərs deməsində deyil. Məsələ ondadır ki, haqqında bu cür şikayətlər dolaşan bir şəxs illərlə akademik mühitdə rahat şəkildə fəaliyyət göstərə bilirsə, burada artıq problem bir şəxsdən çıxıb institusional xarakter alır. Bir neçə yerdən oxşar məzmunlu şikayətlər gəlirsə, bunu “şayiə” deyib keçmək riyakarlıqdır. Bunu “səhv anlaşılma” adlandırmaq isə qorxaqlıqdır. Burada araşdırılmalı olan ciddi iddialar var.
Elm və Təhsil Nazirliyi susmamalıdır. Azər Qasımovun çalışdığı universitetlər susmamalıdır. Susqunluq burada neytrallıq deyil. Susqunluq tərəf tutmaqdır. Susqunluq, tələbənin yox, akademik statusun yanında dayanmaqdır. Susqunluq narahatlıq yaşayan gənclərə “siz danışsanız da, heç nə dəyişməyəcək” mesajı verməkdir.
Bu məsələ ilə bağlı dərhal müstəqil və şəffaf araşdırma başlanmalıdır. Şikayət edənlərin anonimliyi və təhlükəsizliyi qorunmalıdır. Rəsmi müraciət mexanizmləri açıq şəkildə təqdim edilməlidir. Araşdırma gedən müddətdə adı hallanan müəllimin tələbələrlə birbaşa təması dayandırılmalıdır. Əgər iddialar təsdiqlənərsə, bu, formal töhmətlə keçişdiriləcək məsələ deyil. Bu, real nəticə doğurmalı məsələdir, çünki tələbələrin təhlükəsizliyi hansısa müəllimin akademik rahatlığından qat-qat üstündür.
Bir şeyi açıq demək lazımdır ki, universitet müəllimin ikimənalı eyhamlarını idarə etməyi öyrənmək üçün məkan deyil. Universitet tələbənin özünü sərbəst, təhlükəsiz və ləyaqətli hiss etdiyi yer olmalıdır. Əgər auditoriyaya daxil olan tələbələr bilikdən əvvəl öz sərhədlərini qorumağı düşünürlərsə, orada təhsil yoxdur. Orada rəhbərlik böhranı və əxlaqi iflas var.
Bu cür iddiaların və narahatlıqların normallaşdırılması artıq dayandırılmalıdır. Tələbələrin narahatlığını kiçiltmək, eyhamı yüngülləşdirmək, cinsi qısnamanın ilk mərhələlərini “elə-belə söz” kimi təqdim etmək iyrənc ictimai vərdişdir. Bu vərdiş dağıdılmalıdır. Bu rahatlıq mühiti aradan qaldırılmalıdır. Tələbələr susmamalıdır. Universitetlər gizlənməməlidir. Nazirlik qulaqardına vurmamalıdır. Çünki susdurulan hər tələbə, araşdırılmayan hər şikayət, ört-basdır edilən hər eyham sabah yeni pozuntular üçün açıq qapıdır.
Biz tələbələrin bütün problemlərini işıqlandırmağa hazırıq. Yetər ki, onlar yaşadıqları haqsızlıqları, təzyiqləri və pozuntuları bizimlə bölüşsünlər. Tələbənin səsi bu ölkənin ən aydın eşidilən səsi olmalıdır.
📢 Hər zamankı kimi şüarımız budur: “Təhsil alanlar, artıq sizin də medianız var!”

