Qorxu səltənətində itaət çat verir: Azərbaycanda hicab etirazları və kollektiv müqavimətin qayıdışı

Qorxu səltənətində itaət çat verir: Azərbaycanda hicab etirazları və kollektiv müqavimətin qayıdışı

Azərbaycanın məktəblərində hicab qadağası ətrafında başlayan etirazlar İlham Əliyev hakimiyyətinin uzun illər ərzində formalaşdırdığı siyasi münasibətlər sisteminin ziddiyyətlərini üzə çıxardı. Hicablı qızların dərslərə buraxılmamasına qarşı şagirdlər kollektiv boykotlara başlayıb, onlarla şəxs saxlanılıb və inzibati cəzalara məruz qoyulub. Bu proseslər çərçivəsində hökumət tərəfindən sosial şəbəkələrə girişin bir sıra provayderlərdə məhdudlaşdırılması isə informasiya üzərində nəzarət məsələsini yenidən gündəmə gətirib. Xəzərin Qərb sahilindəki bu neft dövləti indi dünyanın müxtəlif ölkələrində müşahidə olunan gənclik etirazlarının özünəməxsus nümunəsinə çevrilib. Hadisələrin kökləri Azərbaycan kapitalizminin siyasi quruluşunda, dövlətin dinə münasibətinin tarixində və cəmiyyətin uzun müddət nəzarət altında saxlanılmış ziddiyyətlərində axtarılmalıdır.

Qorxunun siyasi qüdrəti həbsxanaların divarlarından xeyli uzağa uzanır və o, insanların arasına yerləşir, başqalarının məruz qaldığı haqsızlığa qarışmamağı gündəlik həyatın yazılmamış qanununa çevirir. İnsan özünü qorumaq üçün susduqca bu susqunluq tədricən ictimai münasibətlərin formasını alır, hakimiyyətin açıq zorakılıqla yaratdığı itaət daha sonra insanların öz davranışları vasitəsilə yenidən istehsal olunur. Dünya bazarına neft və qaz ixrac edən, siyasi hakimiyyətin 33 ildən artıq müddətdə Əliyevlər ailəsinin əlində cəmləndiyi Azərbaycanda bu mexanizm xüsusi əhəmiyyət qazanıb. Burada müstəqil jurnalistlərin uzunmüddətli həbs cəzaları aldığı, siyasi fəalların təqib olunduğu, ictimai narazılığın açıq ifadəsinin ağır nəticələr doğura bildiyi şərait formalaşıb, lakin 2026-cı ilin oktyabrında həmin münasibətlər sistemində gözlənilməz hadisə baş verdi. Məktəbə hicabla gələn qızların qarşısında qapılar bağlandıqda onların sinif yoldaşları da həmin qapılardan keçməkdən imtina etdilər. Bir neçə məktəblinin bu davranışında ictimai həyatın fundamental ziddiyyəti görünürdü: dövlət insanları bir-birindən təcrid edə bilən saysız mexanizmə malik olsa da, onların ortaq təcrübədən doğan həmrəyliyinin inkişafını tamamilə əvvəlcədən müəyyənləşdirmək iqtidarında olmur.

Oktyabrın 9-da Bakının Balaxanı qəsəbəsindəki 69 nömrəli məktəbin şagirdləri hicablı sinif yoldaşlarının dərslərə buraxılmamasına etiraz edərək boykota başladılar. Digər məktəblərdə də oxşar narazılıqlar qeydə alındı. Sosial şəbəkələrdə yayılan görüntülərdə hicablı olduğu üçün məktəbdən kənarlaşdırılmaq təhdidi alan və buna görə ağlayan müəllimələrini qucaqlayan uşaqlar, məktəbin qarşısında toplaşan şagirdlər, dini geyimlərinə görə təhsil müəssisələrindən uzaqlaşdırılan qızlar görünürdü. Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hadisələrlə əlaqədar 37 nəfərin saxlanıldığını və Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə cinayət işi başlandığını açıqladı. Nazirlik həmin şəxslərin ictimai qaydanın pozulmasına, məktəblərin fəaliyyətinə maneələr yaradılmasına və əmlaka zərər vurulmasına yönəlmiş hərəkətlərdə iştirak etdiyini iddia etdi. Saxlanılanların hər birinə aid sübutlar və onların prosessual vəziyyəti haqqında müstəqil məlumatlar isə məhduddur. Həmin gün “İnstaqram”, “TikTok” və “X” platformalarına girişdə məhdudiyyətlər yarandı. “NetBlocks” bir neçə Azərbaycan provayderində bu məhdudiyyətləri texniki ölçmələrlə təsdiqlədi. Oktyabrın 14-də giriş bərpa edilsə də, müdaxilənin kim tərəfindən və hansı qərar əsasında həyata keçirildiyi hökumət tərəfindən açıqlanmadı. Məktəbli geyimi haqqında qərarın tətbiqi bir neçə gün ərzində hüquq-mühafizə orqanlarının müdaxiləsi və ölkə miqyasında ictimai müzakirələrlə müşayiət olunan qarşıdurmaya çevrilib.

Oktyabrın 12-si axşam Bakının “28 May” metrostansiyası yaxınlığında etiraz aksiyası keçirmək cəhdi zamanı əlavə saxlanılmalar baş verdi. Oktyabrın 13-də bir sıra media resursları 200-dən çox şəxsin saxlanıldığını bildirdi. Oktyabrın 14-də isə bir neçə iştirakçıya 10, 25 və 30 sutkalıq inzibati həbs cəzalarının verildiyi barədə xəbərlər yayıldı. Naxçıvandan daxil olan məlumatlarda da iki valideynin hicablı övladlarının məktəbə buraxılmamasına etiraz etdikləri videoları paylaşdıqdan sonra saxlanıldığı bildirilir, onların hüquqi vəziyyətinə dair isə rəsmi izahat yoxdur.

Oktyabrın 15–17-də yayılan xəbərlər göstərdi ki, qarşıdurmanın coğrafiyası və ona verilən inzibati cavab Bakının hüdudlarını aşıb. “Meydan TV”nin məlumatına görə, Cəlilabadın Privolnoye kəndində 10-dan çox şəxsin 20 sutkalıq inzibati həbsə məhkum edildiyi bildirilir, həmin qərarlar və saxlanılanların hüquqi statusu barədə rəsmi təsdiq əldə olunmayıb. Abşeron rayonunda məktəb divarına “Hicaba azadlıq!” yazdığı üçün Rafael Hüseynzadənin 30 sutka həbs edilməsi, atasının da etiraza görə eyni cəza ilə üzləşməsi barədə məlumatlar yayılıb. Naxçıvanda etirazlarla əlaqədar saxlanılmalar haqqında xəbərlər də var.

Nardaranda baş verənlər isə qarşıdurmanın daha ağır miqyas aldığını göstərir. Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyinin fəalı Ələmdar Bünyatov “Qəzetçi”yə açıqlamasında hicab məhdudiyyətlərinə etirazlarla əlaqədar qəsəbədə 88 nəfərin saxlanıldığını, onların bir qisminin inzibati həbsə məruz qaldığını, böyük əksəriyyəti barəsində isə cinayət işi başlandığını bildirib. Bünyatovun sözlərinə görə, dini mərasimlərdə ilahilər oxuyan Məmməd Rüstəmzadə və Kamran Rüstəmov barəsində cinayət işi başlanıb, kənd sakinləri Rasim Əsgərov, Hikmət Vəliyev, İlqar Ağarzayev və Əlimuxtar Aslanov haqqında isə üçaylıq həbs-qətimkan tədbiri seçilib. Fəal reydlərin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparıldığını, saxlanılanların müstəqil vəkil yardımından məhrum edildiyini, onların yaxınlarının isə mediaya danışacaqları təqdirdə həbsdəkilərin işgəncəyə məruz qalacağı ilə hədələndiyini iddia edir. Daxili İşlər Nazirliyi bu ittihamlarla bağlı redaksiyanın sorğularını cavabsız qoyub.

Bəhs edilən mənzərənin ən sarsıdıcı təzahürlərindən biri Maştağa qəsəbəsində məktəbə hicabla buraxılmayan qızının hüququnu müdafiə edən Şahizyar Hüseynovanın başına gələnlərdir. Oktyabrın 13-də saxlanılan Hüseynova sonradan “Meydan TV”yə danışaraq polis bölməsində qarşısına iki şərt qoyulduğunu bildirib: ya qızının hicabını çıxarıb məktəbə göndərməli, ya da onu təhsildən çıxarmaq barədə ərizə yazmalı imiş. O, hər iki şərti rədd etdiyini, 48 saat saxlanıldıqdan sonra ev dustaqlığına buraxıldığını söyləyib, 17 oktyabrda isə Hüseynova özünün yenidən saxlanılmasına cəhd göstərildiyini iddia edib. Şahizyar Hüseynovanın verdiyi təsvir Azərbaycan hökumətinin məktəb geyimi üzərində qurduğu nəzarətin ailənin şəxsi qərarlarına hansı həddə müdaxilə edə biləcəyini bütün sərtliyi ilə göstərir və bu münasibət müstəvisində məktəb qapısında qoyulmuş tələb polis bölməsində ananın iradəsinə yönələn şərtə çevrilir.

Azərbaycan hökumətinin hicabla bağlı son qərarları hüquqi baxımdan xüsusilə diqqətəlayiqdir. 2026-cı il iyulun 7-də qəbul olunan qanun ümumtəhsil müəssisələrində geyimlə bağlı yeni tələblər üçün hüquqi əsas yaratdı. Sentyabrın 21-də Nazirlər Kabinetinin 309 nömrəli qərarı məktəbli formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəviliyi prinsipinə uyğun gəlməyən əlavə geyim elementlərinin istifadəsini məhdudlaşdırdı. Qərarda hicab birbaşa göstərilməsə belə, məktəb rəhbərlikləri həmin müddəaları hicablı qızların dərslərə buraxılmaması üçün əsas kimi tətbiq etməyə başladılar. Oktyabrın 6-da müəllimlərin geyiminə dair tələblər də təsdiqləndi. “Əl-Cəzirə”yə danışan müəllim Zəhra Həsənova ona məktəbdə hicab taxmağa artıq icazə verilməyəcəyinin bildirildiyini açıqladı. Bu hadisələrin hüquqi tərəfi Azərbaycan Konstitusiyasının təhsil və vicdan azadlığı haqqında müddəaları ilə bağlı ciddi suallar doğurur. Hər kəsin təhsil hüququ Konstitusiya ilə təmin olunduğu halda, həmin hüququn həyata keçirilməsinin dini geyimdən imtina şərtinə bağlanması dövlətin səlahiyyətlərinin hədləri haqqında fundamental mübahisə yaradır. Oktyabrın 14-də “Əl-Cəzirə”nin danışdırdığı ingilis dili müəllimi Gülşən Əliyeva isə 23 illik pedaqoji fəaliyyətindən sonra özünün və qızının məktəbə buraxılmadığını bildirib. O, əmək qanunvericiliyinin ayrı-seçkiliyi qadağan edən müddəalarına istinad edib və işini davam etdirmək niyyətində olduğunu söyləyib. Eyni inzibati qərarın həm müəllimənin əməkhaqqına, həm də övladının təhsilinə təsir göstərməsi dövlətin geyim qaydalarının fərdi seçimdən kənarda hansı maddi nəticələr doğurduğunu göstərir.

Oktyabrın 15-də Bakıdakı 290 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevil Cabbarovanın hicabına görə işdən uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Atasının sözlərinə görə, beş il həmin məktəbdə çalışan müəllimə hicabını kəlağayı ilə əvəzləsə də, iş yerinə buraxılmayıb. Bu hadisə geyimin tənzimlənməsinin əmək münasibətlərində hansı dərəcədə maddi asılılıq yaratdığını göstərir: müəllimə üçün məktəbin qapısı eyni zamanda əməkhaqqına çıxış qapısıdır. Oktyabrın 16-da “Amnesty International” hicablı şagirdlərin siniflərdən kənarlaşdırılmasını ayrı-seçkilik kimi qiymətləndirərək dövlət təhsilinin dünyəvi xarakterinin dini geyimə ümumi qadağaya əsas vermədiyini açıqladı və yalnız dinc etiraz fəaliyyətinə görə saxlanılan şəxslərin dərhal azad edilməsini tələb etdi. Beləliklə, dövlətin öz qərarını dünyəvilik adı ilə əsaslandırması artıq konkret hüquqi və insan hüquqları meyarları qarşısında da mübahisələndirilir.

Məsələnin mənəvi tərəfi hüquqi mübahisədən daha geniş məzmuna malikdir, çünki dünyəvi təhsil uğrunda tarixi mübarizə elmi biliklərin dini institutların hakimiyyətindən azad olunması, məktəblərin kilsə və digər dini qurumların nəzarətindən çıxarılması, insanların inancından asılı olmayaraq təhsil imkanlarının genişləndirilməsi ilə əlaqəli olub. Bu proses Avropada maarifçilik və burjua inqilabları dövründə xüsusi əhəmiyyət qazanmışdı, lakin dünyəvilik prinsipinin tarixən formalaşmış azadlaşdırıcı məzmunu onun konkret dövlətlər tərəfindən necə tətbiq olunmasından asılı olaraq ziddiyyətli xarakter ala bilər. Azərbaycan hökuməti məktəbli geyiminin vahidliyini intizam və sosial bərabərlik arqumentləri ilə əsaslandırır. Halbuki uşaqların geyiminin eyniləşdirilməsi onların ailələrinin maddi imkanlarını bərabərləşdirmir, keyfiyyətli təhsilə çıxışlarındakı fərqləri aradan qaldırmır, gələcək həyat imkanlarını müəyyənləşdirən sinfi münasibətləri dəyişdirmir. Eyni məktəbli formasını geyinən iki uşağın biri imkanlı ailənin bütün üstünlüklərindən istifadə edə, digəri isə yoxsulluğun yaratdığı məhdudiyyətlərlə üzləşə bilər. Dövlət zahiri vahidliyi təmin etməyə çalışarkən sosial bərabərsizliyin maddi əsaslarına toxunmur, üstəlik, həmin qaydaların tətbiqi bəzi şagirdlərin təhsil müəssisələrindən kənarlaşdırılması ilə nəticələnir.

Azərbaycan hakimiyyətinin dinə münasibətindəki ziddiyyətlər bu siyasətin siyasi məzmununu daha aydın göstərir. İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinə dövlət vəsaitindən 3,5 milyon manat ayrılıb. Pravoslav, katolik və yəhudi dini qurumlarına da maliyyə yardımı ayrılıb. Hakimiyyət dini institutların fəaliyyətini maliyyələşdirir, onların rəhbərliyi ilə siyasi münasibətlər qurur və dini həyatın müxtəlif sahələrini inzibati nəzarətdə saxlayır. Məktəbli qızın şəxsi dini geyimi isə dünyəvilik prinsipinin tətbiqi çərçivəsində məhdudlaşdırılır. Burada dövlətin dini həyatla münasibətlərinin əsas xüsusiyyəti ortaya çıxır: hakimiyyət özünün tənzimləyə bildiyi dini institutlarla əməkdaşlıq edir, müstəqil dini fəaliyyətin müxtəlif formalarına münasibətdə isə ciddi nəzarət mexanizmlərindən istifadə edir. Bu siyasətin təhlükəsizlik, regional münasibətlər və dini radikalizmə qarşı mübarizə ilə əlaqədar tərəfləri mövcuddur, lakin həmin amillər uşaqların təhsildən uzaqlaşdırılmasını özlüyündə əsaslandıra bilməz. İctimai həyata geniş inzibati müdaxilənin mümkün olduğu siyasi sistemdə dünyəvilik anlayışının tətbiq sərhədləri də hakimiyyət münasibətlərindən təsirlənir.

Burada daha bir məsələ nəzərə alınmalıdır. Azərbaycanda siyasi islamın müxtəlif cərəyanları mövcuddur və həmin qüvvələrin bir hissəsi dini normaların ictimai həyata tətbiqi haqqında mühafizəkar mövqelər müdafiə edir. Dövlətin onlara münasibətini müəyyənləşdirən amillər arasında regional geosiyasi maraqlar, xüsusilə İranla münasibətlər də yer tutur. Hakimiyyətin müəyyən dini qrupların xarici təsirlər altında fəaliyyət göstərdiyinə dair ittihamları əvvəllər də səsləndirilib. Hazırkı etirazların xarici qüvvələr tərəfindən təşkil edildiyini təsdiqləyən müstəqil sübutlar isə təqdim olunmayıb. Oktyabrın 12-də Azərbaycan hökumətinin əsas siyasi tərəfdaşı olan Türkiyə prezidentinin müşaviri Oqtay Saral qadağanın tətbiqini tənqid etdi, hakim Yeni Azərbaycan Partiyası isə bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirdi. Beləliklə, məktəbli geyimi barədə mübahisə Bakı ilə Ankara arasında ictimai siyasi polemikaya da çevrildi. Şagirdlərin sinif yoldaşları ilə həmrəyliyini əvvəlcədən xarici müdaxilə ilə izah etmək isə cəmiyyətdə mövcud olan real ziddiyyətləri anlamağa mane olur. Bu ziddiyyətlər dövlətin öz qərarlarının həyata keçirilməsi zamanı meydana çıxıb və onların mahiyyəti həmin qərarların insanların həyatına təsirində axtarılmalıdır.

Azərbaycanın siyasi quruluşunu anlamaq üçün müasir kapitalist münasibətlərinin necə formalaşdığına nəzər salmaq vacibdir. Sovet İttifaqının dağılmasından sonra ölkədə kapitalist mülkiyyət münasibətlərinin bərpası dövlət əmlakının özəlləşdirilməsi, enerji sənayesinə iri investisiyaların cəlb olunması, dövlət sifarişləri və iqtisadi resursların bölüşdürülməsi uğrunda mübarizə ilə müşayiət edildi. Siyasi hakimiyyətin 1993-cü ildən Heydər Əliyev, 2003-cü ildən isə onun oğlu İlham Əliyev ətrafında mərkəzləşməsi iqtisadi imkanların müəyyən kapital qruplarının əlində cəmlənməsi ilə qarşılıqlı əlaqədə inkişaf etdi. Dövlət aparatının iqtisadi fəaliyyətə geniş müdaxilə imkanları iri kapitalın siyasi hakimiyyətlə münasibətlərini xüsusilə əhəmiyyətli hala gətirdi. Dövlət sifarişlərinin bölgüsü, enerji layihələrinin idarə edilməsi, iri tikinti və infrastruktur proqramları, maliyyə axınlarına inzibati təsir imkanları hakimiyyətin iqtisadi dayaqlarını möhkəmləndirdi. Beləliklə, siyasi hakimiyyətin mərkəzləşməsi ilə kapitalist mülkiyyət münasibətlərinin konkret formaları bir-birini gücləndirən tarixi proseslər kimi inkişaf etdi.

Beynəlxalq Valyuta Fondunun 2026-cı il hesabatında Azərbaycanın iqtisadi quruluşunun ziddiyyətləri aydın görünür. 2024-cü ildə karbohidrogen sektoru ÜDM-in 31,8 faizini yaratdığı halda, məşğul işçi qüvvəsinin təxminən 1 faizini əhatə edirdi. Kənd təsərrüfatında isə işçilərin 35,4 faizi çalışır, həmin sahənin ÜDM-də payı cəmi 5,6 faiz təşkil edirdi. Eyni hesabata əsasən, 15-24 yaşlı gənclər arasında işsizlik 12,9 faiz idi. Beynəlxalq Valyuta Fondu qeyd edir ki, özəl sektorda çalışanların yalnız 23 faizi rəsmi əmək müqaviləsi ilə qeydiyyata alınıb və bu göstərici əmək münasibətlərinin geniş hissəsinin qeyri-rəsmi xarakter daşıdığını göstərir. Hesabat məlumat bazasının məhdudluğunu da nəzərə alır. Azərbaycanın Dövlət Neft Fondunun məlumatına görə, 2026-cı ilin birinci yarısının sonunda fondun aktivləri 72,6 milyard ABŞ dolları təşkil edirdi. Bu göstəricilər yüksək kapital tutumlu enerji sənayesinin böyük sərvət yaratması ilə əhalinin müxtəlif təbəqələrinin əmək və gəlir imkanları arasındakı fərqləri nümayiş etdirir. İqtisadiyyatın inkişaf istiqamətləri, ictimai sərvətin bölgüsü və dövlət resurslarının istifadəsi üzərində demokratik nəzarət məsələləri belə şəraitdə xüsusi əhəmiyyət qazanır. Kapitalist mülkiyyət münasibətləri daxilində istehsalın ictimai xarakteri ilə sərvət və iqtisadi qərarlar üzərində nəzarətin məhdud əllərdə cəmlənməsi arasındakı ziddiyyət Azərbaycanın iqtisadi quruluşunda da özünəməxsus şəkildə təzahür edir. Bu iqtisadi münasibətlər dövlətin siyasi xarakterinin təhlilində əsas yer tutmalıdır. Marksist nəzəriyyə dövlətin kapitalist mülkiyyət münasibətlərinin qorunmasında və sinfi ziddiyyətlərin idarə edilməsində oynadığı rolu araşdırır, lakin konkret dövlət aparatının fəaliyyəti yalnız ayrı-ayrı kapital sahiblərinin bilavasitə iradəsi ilə izah oluna bilməz. Bürokratik institutların maraqları, hakimiyyətin saxlanılması üsulları, tarixi ənənələr və siyasi təhlükəsizlik mülahizələri də bu prosesə təsir göstərir. Azərbaycan hakimiyyətinin hicabla bağlı son qərarlarının qəbul edilməsində hansı konkret amillərin həlledici rol oynadığını müəyyənləşdirmək üçün əlavə məlumatlara ehtiyac var. Bununla yanaşı, qərarın həyata keçirildiyi siyasi sistemin ümumi xüsusiyyətləri kifayət qədər aydındır. İqtisadi hakimiyyətin yüksək dərəcədə təmərküzləşməsi, müstəqil siyasi təşkilatlanmaya qarşı məhdudiyyətlər və ictimai narazılığın hüquq-mühafizə mexanizmləri vasitəsilə idarə olunması Azərbaycandakı quruluşun əsas xüsusiyyətləri sırasındadır. Bu çərçivə hicab qərarını avtomatik olaraq konkret neft şirkətinin, yaxud sahibkarın sifarişi kimi izah etmir və əlaqə daha mürəkkəbdir. Belə ki, kapitalın və dövlət resurslarının təmərküzləşdiyi, iş yerinin və ictimai xidmətlərin inzibati qərarlardan geniş asılı olduğu cəmiyyətdə məktəb rəhbərliyinin əmri sadəcə geyim qaydası olaraq qalmır, o, müəllimin maaşına, uşağın təhsilinə və valideynin dolanışıq hesabına toxunan real məcburiyyətə çevrilir. Sinfi təhlil məhz bu vasitələri, siyasi nəzarətin gündəlik maddi həyatda necə işlədiyini üzə çıxarmalıdır. Son illərdə jurnalistlərə və siyasi fəallara qarşı aparılan cinayət təqibləri bu vəziyyətin konkret ifadəsidir. 2025-ci ilin iyununda “Abzas Media”nın yeddi əməkdaşı 7 ildən 9 ilədək həbs cəzalarına məhkum edildi. 2026-cı il iyulun 27-də “Toplum TV işi” üzrə doqquz jurnalist, media əməkdaşı və ictimai fəala 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzaları verildi. “Human Rights Watch” bu hökmləri müstəqil jurnalistikaya qarşı davam edən təqiblərin tərkib hissəsi kimi qiymətləndirdi. “Meydan TV” əməkdaşlarına qarşı cinayət təqibi də davam edir. “Freedom House”un 2026-cı il hesabatında Azərbaycan siyasi hüquqlar və vətəndaş azadlıqları üzrə 100 mümkün baldan cəmi 6 bal alıb. Bu siyasi şəraitdə işçilərin müstəqil təşkilatlanması, jurnalistlərin araşdırma fəaliyyəti, tələbələrin və digər ictimai təbəqələrin kollektiv narazılığını ifadə etməsi ciddi maneələrlə üzləşir. Məktəblərdəki hicab etirazlarının əhəmiyyətini də həmin mühit daxilində – gündəlik həyatla əlaqədar konkret məhdudiyyətə qarşı yaranmış narazılığın dövlətin inzibati və hüquqi səlahiyyətləri ilə qarşılaşması kimi qiymətləndirmək lazımdır.

Azərbaycandakı sistemin siyasi sabitliyinin başqa mühüm dayağı milli birlik haqqında rəsmi ideologiyadır. 2020-ci il Qarabağ müharibəsindəki hərbi qələbə və 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa etməsindən sonra hakimiyyət milli həmrəylik və dövlətin gücü haqqında bəyanatlarını daha geniş siyasi legitimlik mənbəyinə çevirdi. Ancaq milli birlik ideologiyası sinfi maraqlar arasındakı fərqləri aradan qaldıra bilmir. İqtisadi sərvətin bölgüsü, işçilərin əmək şəraiti, təhsil imkanları və demokratik hüquqlar haqqında ziddiyyətlər hərbi qələbələrdən sonra da mövcudluğunu davam etdirir. Bu məsələlərin ictimai müzakirədən sıxışdırılması onların maddi əsaslarını dəyişmir. Hicab etirazlarını mövcud sosial narazılıqların bilavasitə ifadəsi kimi qiymətləndirmək üçün kifayət qədər sübutlar olmasa belə, hadisələr avtoritar siyasi sistemdə gündəlik həyatın müəyyən sahəsinə inzibati müdaxilənin necə kollektiv qarşıdurma yarada bildiyini göstərir.

Azərbaycanda hicab məsələsinin siyasi və ictimai məzmunu ölkənin qadın azadlığı uğrunda mübarizə tarixi nəzərə alınmadan tam anlaşıla bilməz. XIX əsrin sonu və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı, Bakının iri sənaye mərkəzinə çevrilməsi, maarifçilik və inqilabi hərəkatlar qadınların ictimai mövqeyini mühüm müzakirə mövzusuna çevirdi. Qadınların savadlanması, əmək fəaliyyətində iştirakı, ailədaxili asılılıq münasibətlərindən azad olunması və ictimai həyatda fəal mövqe qazanması həmin dövrün mühüm sosial məsələləri sırasında idi. 1920-ci ildə Bakıda yaradılmış Əli Bayramov adına Qadınlar Klubu bu tarixin diqqətəlayiq nümunəsidir. Ceyran Bayramova və digər qadın fəalların fəaliyyəti ilə klub qadınlar üçün savad kursları, peşə hazırlığı və ictimai iştirak imkanları təşkil edirdi. Çadradan imtina həmin prosesin simvollarından birinə çevrilmişdi. 1921-ci ilin fevralında keçirilən Azərbaycan qadınlarının Birinci Qurultayı da qadınların təhsilə və ictimai fəaliyyətə cəlb olunması istiqamətində mühüm qərarlar qəbul etdi. Bu tarix qadınların azadlaşmasının sosial münasibətlərin dəyişməsi, maddi imkanların genişlənməsi və kollektiv fəaliyyətlə necə əlaqəli olduğunu göstərir. Azərbaycandakı 1920-ci il inqilabından sonrakı ilk illərdə savadlanmanın və ictimai iştirakın genişləndirilməsi ilə sonrakı Stalinist bürokratiyanın sərtləşmiş inzibati metodlarını tarixi baxımdan fərqləndirmək lazımdır. Bu təcrübə qadın azadlığının maddi nailiyyətlərini də, yuxarıdan məcburiyyətin doğurduğu ziddiyyətləri də öyrənmək imkanı verir.

Marksistlərin dinə münasibəti burada fundamental nəzəri əhəmiyyət qazanır. Karl Marks dini təsəvvürlərin mənşəyini insanların maddi həyat şəraiti və ictimai münasibətləri ilə əlaqələndirirdi. Dinin insanlar üçün mənəvi təsəlli mənbəyinə çevrilməsi onların mövcud sosial münasibətlərdə yaşadığı əzab və asılılıqlardan ayrılıqda izah oluna bilməz. Lenin isə “Sosializm və din” əsərində dövlətin din qarşısında bitərəf qalmasını, dini təşkilatların dövlət hakimiyyətindən ayrılmasını və marksistlərin materialist dünyagörüşünü müstəqil şəkildə müdafiə etməsini əsas prinsiplər kimi irəli sürürdü. Dini dünyagörüşünün elmi tənqidi ilə insanların şəxsi dini etiqadına inzibati müdaxilə arasında mühüm fərq mövcuddur. Materialist dünyagörüşünün inkişafı təhsil, ictimai təcrübə, insanların maddi həyat şəraitinin dəyişdirilməsi və şüurlu fəaliyyət imkanlarının genişlənməsi ilə əlaqəlidir. Dini geyimin qadağan edilməsi insanların dini təsəvvürlərinin ictimai mənbələrini aradan qaldırmır.

Bugünkü Azərbaycanda qadının geyimi üzərində müxtəlif ictimai qüvvələrin hakimiyyət iddiası irəli sürməsi bu məsələnin ziddiyyətlərini daha da gücləndirir. Dini-mühafizəkar ailə və ictimai mühit qadına hicab taxmağı məcbur edə bilər. Dövlət isə hicabın çıxarılmasını inzibati tələbə çevirdikdə qadının şəxsi qərar vermək imkanına başqa istiqamətdən müdaxilə etmiş olur. Hər iki məcburiyyətin nəticələri qadının iqtisadi mövqeyindən asılı olaraq daha ağır xarakter ala bilər. İşini itirmək təhlükəsi ilə qarşılaşan müəllimənin dini geyim haqqında qərarı onun dolanışıq imkanları ilə bilavasitə əlaqələnir. Məktəbə buraxılmayan qızların təhsil imkanlarının məhdudlaşdırılması isə gələcək peşə və iqtisadi müstəqillik perspektivlərinə təsir göstərə bilər. Beləliklə, zahirən geyim haqqında yaranmış mübahisənin daxilində əmək münasibətləri, təhsil hüququ, iqtisadi asılılıq və qadınların ictimai mövqeyi məsələləri üzə çıxır. Bu ziddiyyətlərin təhlili qadın azadlığının maddi şərtlərinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Qadının hicab taxması və ya taxmaması barədə qərarın onun özünə məxsus olması, şagirdin təhsilindən və müəllimin əməkhaqqından məhrum edilməməsi burada təxirəsalınmaz hüquqi və sosial məsələlərdir. Qadınların azadlığı uğrunda bugünkü tələbləri gələcək sosialist dəyişikliklərin ixtiyarına buraxmaq onların gündəlik həyatını müəyyən edən məcburiyyətlərə göz yummaq olardı. Eyni zamanda qadının seçiminə ailədəki iqtisadi asılılıq, yoxsulluq və mühafizəkar münasibətlər təsir göstərə bildiyindən formal seçim hüququ maddi müstəqillik imkanları ilə tamamlanmalıdır. Bu məsələnin digər tərəfi dini-mühafizəkar qüvvələrin hicab etirazlarına münasibətidir. Azərbaycan cəmiyyətində qadın geyiminin dini normalarla tənzimlənməsini müdafiə edən cərəyanlar mövcuddur. Onların ictimai təsiri və siyasi məqsədləri bir-birindən fərqlənir. Hazırkı etirazlarda hansı qüvvələrin nə dərəcədə iştirak etdiyi haqqında məlumatlar məhduddur. Buna görə hərəkatın bütün iştirakçılarına eyni siyasi baxışları aid etmək əsassız olardı. Marksist yanaşma dini-mühafizəkar münasibətlərin qadın azadlığı üzərində yaratdığı məhdudiyyətləri tənqid edərkən hicablı qızların təhsil və vicdan azadlığını da ardıcıl müdafiə etməyə imkan verir. İctimai mübarizənin inkişafında fərqli dini inanclara malik insanların ortaq demokratik və sosial məsələlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıya bilər.

Azərbaycanda hicab məhdudiyyətlərinə qarşı etirazların tarixi 2026-cı ildən başlanmır. 2010-cu ilin dekabrında təhsil naziri Misir Mərdanovun məktəbli forması haqqında açıqlamaları hicablı şagirdlərin dərslərə buraxılmaması ilə əlaqədar geniş narazılıq yaratmışdı. Dekabrın 10-da Bakıda Təhsil Nazirliyinin qarşısında təxminən min nəfərin iştirak etdiyi aksiya keçirildi. Polşanın Şərq Araşdırmaları Mərkəzinin məlumatına görə, həmin gün 16 nəfər saxlanılmışdı. Sonrakı aylarda da etirazlar davam etdi, bir sıra dini fəallar cinayət təqibi və həbs cəzaları ilə üzləşdilər. Həmin dövrdə dini təşkilatların və islamçı siyasi qüvvələrin etirazların inkişafına əhəmiyyətli təsiri vardı. Münaqişə dövlətin dini hərəkatlarla münasibətlərində mövcud olan siyasi ziddiyyətlərin ifadəsinə çevrilmişdi.

16 il sonra oxşar qarşıdurmanın yenidən meydana çıxması dövlətin inzibati və repressiv tədbirlərinin həmin ziddiyyətləri uzunmüddətli şəkildə aradan qaldırmadığını göstərir, fəqət hazırkı hadisələrdə ayrıca diqqət tələb edən xüsusiyyət məktəblilərin öz sinif yoldaşlarına həmrəylik nümayiş etdirməsidir. Şagirdlərin bir hissəsi məhdudiyyətin bilavasitə özlərinə tətbiq edilmədiyi halda, sinif yoldaşlarının qarşılaşdığı problemi kollektiv etirazın səbəbi kimi qəbul edib. Bu davranışın mütərəqqi məzmunu məhz insanlar arasında yaranmış həmin münasibətdə axtarılmalıdır. İştirakçıların siyasi baxışları, təşkilatlanma səviyyəsi və müxtəlif dini qüvvələrlə əlaqələri haqqında hələ kifayət qədər məlumat yoxdur. Bununla belə, kollektiv boykotun özü ictimai şüurun inkişafı üçün müəyyən imkanlar yaradan təcrübədir. Mübarizənin gedişində insanlar mövcud hakimiyyət münasibətlərini daha yaxından tanıya, öz kollektiv fəaliyyətlərinin nəticələrini qiymətləndirə və əvvəllər fərdi hesab etdikləri problemlərin sosial xarakterini daha dərindən anlaya bilərlər. Bu prosesin gələcək inkişafını qiymətləndirərkən spontanlığın imkanları ilə onun tarixi məhdudiyyətlərini birlikdə nəzərdən keçirmək vacibdir. İnsanlar müxtəlif səbəblərdən kollektiv etirazlara qoşula bilərlər: əməkhaqqının azaldılması, təhsil imkanlarının məhdudlaşdırılması, polis zorakılığı və ya gündəlik həyatla bağlı başqa bir qərar insanların birgə fəaliyyətə başlamasına təkan verə bilər. Lakin belə fəaliyyətin ardıcıl siyasi proqrama və davamlı təşkilatlanmaya çevrilməsi üçün konkret sosial şərtlər tələb olunur. İştirakçıların sosial tərkibi, onların qarşılaşdığı mübarizə təcrübəsi, mövcud siyasi təşkilatların təsiri və hakimiyyətin reaksiyası həmin prosesin inkişaf istiqamətini müəyyənləşdirən amillərdir. Lev Trotskinin inqilabi rəhbərlik haqqında təhlillərində xüsusi yer tutan problem də bu münasibətlə bağlıdır: ictimai narazılığın obyektiv mövcudluğu onun ardıcıl inqilabi perspektivə çevrilməsinə zəmanət vermir. Azərbaycanda müstəqil siyasi təşkilatlanmanın ağır məhdudiyyətlərlə üzləşməsi, ictimai fəallığın hüquqi təhlükələr doğurması və siyasi təcrübənin ötürülməsindəki çətinliklər bu problemi xüsusilə mürəkkəbləşdirir.

Bununla yanaşı, Azərbaycanın işçi hərəkatının tarixi kollektiv fəaliyyətin ölkə üçün yad bir ənənə olmadığını göstərir. XX əsrin əvvəllərində Bakı dünya neft sənayesinin mühüm mərkəzlərindən biri idi və sənayenin inkişafı ilə birlikdə böyük işçi təbəqəsi formalaşmışdı. 1904-cü ilin dekabrında Bakı neft işçilərinin geniş tətili sahibkarlarla kollektiv müqavilənin imzalanması ilə nəticələndi. Bu hadisə Rusiya imperiyasının işçi hərəkatı tarixində mühüm mərhələ idi. İşçilərin istehsal prosesindəki mövqeyi, kollektiv təşkilatlanma təcrübəsi və siyasi fəallığı şəhərin sonrakı inqilabi inkişafına təsir göstərdi. Həmin tarixi hadisələrlə bugünkü məktəbli etirazları arasında bilavasitə siyasi eyniyyət qurmaq mümkün deyil, ancaq Azərbaycanın ictimai tarixində kollektiv fəaliyyətin müxtəlif şəraitlərdə necə formalaşdığını araşdırmaq bugünkü hadisələrin daha geniş tarixi kontekstdə anlaşılmasına kömək edir.

Azərbaycandakı etirazlar dünyanın müxtəlif ölkələrində gənclərin kollektiv fəaliyyətinin diqqətçəkən formalarının meydana çıxdığı dövrə təsadüf edir. Oktyabrın 9-da Avstriyanın paytaxtı Vyanada 14 yaşınadək qızların məktəbdə hicab taxmasına qoyulmuş qadağaya qarşı şagird nümayişi keçirildi. İnqilabi Kommunist İnternasionalının 15 oktyabr tarixli reportajında iştirakçı şahidin hesablamasına əsasən, bu nümayişə təxminən 3 min nəfər, əsasən məktəblilər qatılmışdı; rəqəm müstəqil sayım kimi təqdim olunmur. Etirazın təşkilində sosialist və kommunist gənclər təşkilatları da iştirak edirdi. Həmin nümayişdə təhsilə daha çox maliyyə ayrılması tələbləri də irəli sürülürdü. Almaniyada məktəblilər hərbi xidmət siyasətinə, Fransada isə təhsil sisteminin maliyyələşdirilməsi və məktəblərdəki problemlərə qarşı kollektiv aksiyalar keçiriblər. Bu hərəkatların sosial tərkibi, siyasi məqsədləri və təşkilatlanma səviyyəsi fərqlidir. Onları vahid beynəlxalq inqilabi hərəkatın artıq formalaşmış hissələri kimi qiymətləndirmək üçün əsas yoxdur. Lakin gənclərin öz həyatlarına təsir göstərən dövlət qərarlarına kollektiv münasibət nümayiş etdirməsi mühüm ictimai hadisədir.

Bakı ilə Vyana arasında paralel xüsusilə maraqlı ziddiyyətləri üzə çıxarır. Avstriyada hicab qadağası müsəlman azlığın hüquqları, miqrasiya, inteqrasiya və dövlətin dünyəvi xarakteri haqqında geniş mübahisələr daxilində meydana çıxıb. Azərbaycanda isə əhalinin böyük əksəriyyəti müsəlmandır və dini institutlarla dövlətin münasibətləri fərqli tarixi şəraitdə formalaşıb. Avstriyanın parlament demokratiyası ilə Azərbaycanın avtoritar siyasi quruluşu arasında da mühüm fərqlər var. Bununla belə, hər iki ölkədə gənc qızların geyimi dövlət müdaxiləsinin predmetinə çevrilib və həmin müdaxilələr şagirdlərin kollektiv etirazlarını doğurub. Avstriyada İnqilabi Kommunist Partiyasının fəalları məktəblərarası tətil komitələri yaradılması təklifini irəli sürmüş, İnqilabi Kommunist İnternasionalının 15 oktyabr məlumatına görə, ölkə üzrə 80-dən artıq məktəbdə, o cümlədən Vyananın on məktəbində fəaliyyət aparmışdılar. Bakıda isə indiyədək daha çox məktəblilərin spontan həmrəyliyi görünür, ölkədə müstəqil ictimai-siyasi təşkilatlanmanın qarşılaşdığı məhdudiyyətlər bu fərqi izah edən əsas şərtlərdəndir. Bu müqayisə gənclərin siyasi təşkilatlanma imkanlarının dövlət quruluşunun xüsusiyyətlərindən nə qədər asılı olduğunu və gündəlik həyatla bağlı konkret qərarların müxtəlif şəraitlərdə necə kollektiv narazılığa yol aça bildiyini göstərir. Bu qarşılaşdırma nə Avstriyadakı hərəkatın artıq tam formalaşmış inqilabi qüvvəyə çevrildiyi, nə də Azərbaycandakı etirazların eyni siyasi istiqamətə gedəcəyi barədə hökm verməyə əsas yaradır. O, təşkilatlanmanın mövcud ictimai enerjini bir-biri ilə əlaqələndirmək və davamlı təcrübəyə çevirmək imkanlarını konkret şəkildə göstərir.

Müasir kapitalist cəmiyyətlərində gənclərin qarşılaşdığı problemlər fərqli formalarda meydana çıxır. Yaşayış və mənzil xərclərinin artması, əmək bazarındakı qeyri-müəyyənlik, təhsil sistemindəki problemlər, militarizasiya və demokratik hüquqların məhdudlaşdırılması yeni nəsillərin ictimai münasibətlərə baxışına təsir göstərir. Bu proseslərin hamısının eyni bilavasitə səbəblərə malik olduğunu iddia etmək tarixi materialist təhlilin konkretlik tələbini zəiflədərdi, amma həmin hadisələrin sosial şəraitini müəyyənləşdirən kapitalist münasibətlərin ziddiyyətləri nəzərə alınmalıdır. Gənclərin ictimai həyatın müxtəlif sahələrində kollektiv narazılıq nümayiş etdirməsi mövcud siyasi və iqtisadi quruluşla yeni nəslin ehtiyac və gözləntiləri arasındakı münasibətlərin dəyişdiyini göstərə bilər. Azərbaycanda bu prosesin özünəməxsus xüsusiyyəti müstəqil təşkilatlanma imkanlarının xüsusilə məhdud olmasıdır. Bu səbəbdən məktəblilərin spontan etirazları həm ölkənin siyasi şəraiti, həm də beynəlxalq gənclik hərəkatlarının inkişafı kontekstində diqqətlə araşdırılmalıdır.

Oktyabr etirazlarının sonrakı miqyası və siyasi nəticələri hələ açıq qalır. Hakimiyyət müəyyən güzəştlər edə, geyim qaydalarının tətbiqini dəyişdirə, repressiv tədbirləri davam etdirə və ya narazılığın tədricən zəifləməsinə nail ola bilər. Etirazların daha geniş demokratik tələblərlə əlaqələnməsi ehtimalı da mövcuddur, lakin bu imkanlardan hər hansı birinin reallaşması hərəkatın konkret inkişafından, iştirakçıların sosial münasibətlərindən və siyasi şəraitdən asılı olacaq. Marksist təhlilin vəzifəsi hadisələrin gələcəyini əvvəlcədən müəyyənləşdirilmiş sxemə uyğunlaşdırmaqdan daha mürəkkəbdir. Onun gücü mövcud ziddiyyətlərin tarixi mənşəyini, müxtəlif ictimai qüvvələrin maraqlarını və həmin ziddiyyətlərin inkişaf imkanlarını izah etməsindədir.

Bu hadisələr Azərbaycan cəmiyyətində demokratik hüquqların vəziyyətinə dair konkret problemləri gündəmə gətirib. Şagirdlərin təhsil hüququnun qorunması, müəllimlərin əmək hüquqlarının təmin edilməsi, dinc etiraz iştirakçılarının hüquqi müdafiəsi və məhkəmə qərarlarının şəffaf araşdırılması, vicdan azadlığına qoyulan məhdudiyyətlərin əsaslandırılması və informasiya azadlığı həmin problemlər sırasındadır. Bunlar ölkədə müstəqil həmkarlar ittifaqlarının fəaliyyəti, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı, qadınların iqtisadi müstəqilliyi və keyfiyyətli təhsilə çıxış məsələləri ilə əlaqəlidir. Azərbaycan kapitalizminin iqtisadi quruluşu bu hüquqların həyata keçirilməsinə təsir göstərən maddi şəraiti formalaşdırır. İctimai sərvətin istehsalı və bölgüsü üzərində demokratik nəzarət, işçilərin iqtisadi qərarların qəbulunda iştirakı və siyasi hakimiyyətin sosial əsasları haqqında suallar sosialist perspektivin mühüm problemləridir.

İnqilabi Kommunist İnternasionalının manifestində vurğulanan sinfi müstəqillik və inqilabi təşkilatlanma prinsipləri bu məsələlərin nəzəri çərçivəsini müəyyənləşdirir. İşçi sinfinin təşkilatlanması, beynəlxalq həmrəylik və kapitalist mülkiyyət münasibətlərinin dəyişdirilməsi perspektivi demokratik hüquqlar uğrunda mübarizənin inkişafı ilə əlaqələndirilir. Belə perspektivin ictimai qüvvəyə çevrilməsi isə insanların siyasi şüurunun inkişafını, təşkilatlanma təcrübəsinin genişlənməsini və konkret tarixi şəraitin imkanlarının düzgün qiymətləndirilməsini tələb edir. Azərbaycanda bu prosesin qarşısında ciddi maneələr var. Repressiv siyasi mühit, ictimai təşkilatların zəifliyi, iqtisadi asılılıq və informasiya üzərində nəzarət həmin maneələrin mühüm hissəsidir. Bu şəraitdə spontan etirazların obyektiv məzmununu anlamaqla onların iştirakçılarına hazır siyasi şüur və proqram aid etmək arasında fərq qoyulmalıdır. Bu baxımdan müəllimənin iş yerini qorumaq tələbi, məktəblinin dini əqidəsindən asılı olmayaraq dərsə buraxılması və valideynin polis təzyiqi olmadan etiraz edə bilməsi eyni ictimai problemin müxtəlif qatlarıdır. Onları birləşdirən maddi zəmin hüquqların həyata keçirilməsinin inzibati hakimiyyətdən və iqtisadi asılılıqdan azad edilməsi məsələsidir. Bunun üçün müstəqil həmkarlar ittifaqları, seçilmiş və hesabat verən işçi təmsilçiləri, sərbəst şagird-valideyn müzakirələri kimi demokratik təşkilatlanma imkanlarının əhəmiyyəti ortaya çıxır, yeniyetmələrin təhlükəsizliyi isə hər bir belə müzakirədə əsas şərt olaraq qalmalıdır.

Etirazlar yalnız küçə toplaşmaları ilə məhdudlaşmayıb. Təhsildən kənarda qalmaq təhlükəsi yaşayan uşaqlara könüllü müəllimlərlə pulsuz onlayn dərs imkanı yaratmağı hədəfləyən “Leylini qoy məktəbə getsin” təşəbbüsü başqa bir kollektiv cavab forması ortaya çıxarıb. Təşəbbüsün müəllifi İlkin Hüseynovun oktyabrın 14-də itkin düşdüyü xəbərləri yayıldı, oktyabrın 16-da isə o, polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka inzibati həbs olundu. Burada diqqətçəkən ziddiyyət var, təhsildən kənarlaşdırılmış şagirdlər üçün dərs təşkil etməyə yönəlmiş könüllü təşəbbüsün müəllifi də polis müdaxiləsi ilə üzləşir. Həmrəylik sinif yoldaşının yanında dayanmaqdan başlayıb, təhsil imkanlarını bölüşmək cəhdində yeni məzmun qazanır, onun gələcək siyasi yönünü isə bu konkret təcrübələrin necə davam edəcəyi müəyyənləşdirəcək.Azərbaycanın bugünkü vəziyyətində ən çətin nəzəri sual hər yeni etirazı inqilabın başlanğıcı kimi təqdim etməkdən yaranmır. Əsl çətinlik müxtəlif ictimai təbəqələrin narazılıqları arasında hələ mövcud olmayan əlaqələri görmək arzusu ilə, həmin əlaqələrin real şəkildə necə yarana biləcəyini araşdırmaq vəzifəsini fərqləndirməkdir. Məktəblilərin vicdan və təhsil azadlığı uğrunda davranışı öz müstəqil məzmununa malikdir. Onun işçilərin əmək hüquqları, qadınların iqtisadi müstəqilliyi və demokratik təşkilatlanma məsələləri ilə əlaqəsi isə siyasi şüur və kollektiv təcrübənin inkişafından asılı olacaq. Repressiv şəraitdə bu inkişafın təhlükələri də böyükdür, xüsusilə yeniyetmələrin həyatını riskə atan tələsik təşəbbüslər nəzəri prinsipiallığın ölçüsü sayıla bilməz. Azadlığın ən qədim fəlsəfi sualı bəzən ən adi mənzərədə – məktəb qapısında yenidən doğulur. O qapının bir tərəfində bilik əldə etmək istəyən uşaq, digər tərəfində onun hansı şərtlərlə öyrənə biləcəyini müəyyənləşdirən hakimiyyət dayanır. Qapı bağlananda mübahisə insanın başındakı örtüklə bitmədi, ananın polis bölməsində verdiyi ifadəyə, müəllimin əməkhaqqına, sinif yoldaşının isə başqa birinin məruz qaldığı haqsızlıq qarşısında verəcəyi qərara qədər uzandı. Dövlətin hökmü kağız üzərində hamıya eyni görünə bilər, lakin onun ağırlığı insanların həyatına qeyri-bərabər düşür. Tarixi materializm məhz burada, hüquqi formanın arxasında dayanmış canlı münasibətlərdə öz predmetini tapır. Bir uşağın məktəbə buraxılmamasına digərlərinin susmaması hələ gələcək qələbənin zəmanəti deyil, ancaq bu davranış qorxunun ən mühüm dayağını – hər kəsin başqasının dərdinə biganə qalacağına dair gözləntini sınağa çəkir. Qorxu səltənətində itaətin çat verdiyi yer bəzən elə qapını bağlayan əmrin qarşısında bir-birinə arxa çevirməyən insanlardır.