Stomatoloqların etirazı Azərbaycan səhiyyəsi haqqında hansı həqiqətləri göstərir?

Bir neçə gün öncə Bakının mərkəzində bir qrup stomatoloq TƏBİB binasının qarşısına yığışıb “ixtisarı ləğv edin” deyə etiraz aksiyası keçirdi. Bu, son illər “islahat” adı ilə gedən prosesin real fəlsəfəsini, yəni səhiyyənin sosial hüquqdan çıxarılıb “xərci optimallaşdırılan xidmət paketinə” çevrilməsini açıq şəkildə üzə çıxaran epizoddur. Hətta rəsmi izahların özündə “xidmət səviyyəsi”, “iqtisadi faydalılıq”, “səmərəsizlik” kimi ifadələrə rast gəlirik. Sanki söhbət insan sağlamlığından yox, zərər edən hər hansı təşkilatın bağlanmasından gedir.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun ötən ilin noyabrında dediyi məntiqə görə, bəzi müəssisələrdə stomatoloqa il ərzində “1 nəfər belə müraciət etmir”, deməli, keyfiyyət zəifdir və “ştatlar ləğv oluna bilər”. Bu cümlə zahirən “müştəri məmnuniyyəti” kimi səslənsə də, əslində iki sualı qəsdən görməzdən gəlir: birincisi, niyə vətəndaşlar dövlət xəstəxanalarına keyfiyyətsizlikdən, yoxsa ödəniş yükünə görə müraciət etmirlər? İkincisi, stomatologiya hansısa təsadüfi “əlavə komfort” deyil, gecikdirilən müalicə sonradan daha ağır və daha baha fəsadlara çevrilir.

Elə burada sistemin ən böyük paradoksu görünür, rəsmi cavablara görə, stomatoloji xidmətlərin əksəriyyəti icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil və dövlət müəssisələrində də əsasən ödənişli göstərilir. TƏBİB bir açıqlamada bunun 149 adda xidmət olduğunu açıq yazır. Daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də stomatoloji xidmətlərin xidmətlər zərfinə salınmadığını bildirmişdi. Yəni vətəndaşın “müraciət etməməsi” çox vaxt “narazılıq” yox, “pulum çatmır” deməkdir. Bu halda “müraciət yoxdur, deməli həkim səmərəsizdir” sxemi, yumşaq desək, intellektual fırıldaqdır, dövlət özü stomatologiyanı sığorta təminatından kənara itələyir, sonra da həmin kənara itilmiş sahəni “bazarda tələb yaratmır” deyib cəzalandırır.

Bunun arxasında duran ümumi mənzərəni statistika daha amansız göstərir. Dünya Bankının 2022-ci il məlumatında Azərbaycanın səhiyyə sisteminin maliyyələşməsinin əsasən birbaşa cibdən ödənişlərə söykəndiyi vurğulanır, sənədin özündə müxtəlif hesablamalarla bu payın çox yüksək olduğu, hətta “dünyada ən yüksək səviyyələrdən biri” kimi xarakterizə edildiyi qeyd olunur. Eyni mənbədə 2019 üçün ayrıca cədvəldə cibdən ödənişlərin cari səhiyyə xərclərində payı 68%, region üçün isə 17.6% göstərilir. Bu rəqəmlər göstərir ki, Azərbaycanda “xəstə pul ödəməlidir” mexanizmi sistemin özək mexanizmidir. Dövlətin səhiyyəyə ayırdığı pay da xeyli aşağıdır. Məsələn, ABŞ Ticarət Nazirliyinin ölkə üzrə icmalında dövlət səhiyyə xərclərinin 2021-ci ildə təxminən 839 milyon dollar olduğu, bunun dövlət büdcəsi xərclərinin 5.2%-i və ÜDM-in 1.5%-i səviyyəsində qaldığı qeyd edilir.

Bu fonda “islahat”ın ideoloji nüvəsi aydınlaşır, səhiyyə “təminat” yox, “paket”dir, “hüquq” yox, “tarif”dir; “ehtiyac” yox, “iqtisadi faydalılıq”dır. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması, 2021-ci ildən bütün ərazini əhatə etməsi barədə rəsmi məlumatlar var. Amma əhatənin genişlənməsi avtomatik olaraq ədalətli maliyyələşmə demək mənasına gərmir. Əgər xidmətlər zərfi real ehtiyacları (xüsusən dərman və stomatologiya kimi sahələri) kənarda saxlayırsa, sistem sadəcə “daha nizamlı şəkildə pul yığan, amma az xidmət verən” mexanizmə çevrilə bilər.

İndi gəlin stomatologiyanın özünə baxaq. ÜST-ün Azərbaycan üzrə “Oral Health Country Profile” sənədi ağır tablo çəkir, 2019-cü il üçün uşaqlarda süd dişlərində müalicə olunmamış kariyesin yayılması 46.8%, 5+ yaş qrupunda daimi dişlərdə müalicə olunmamış kariyes 33.4%, ağır periodontal xəstəlik 15.4%, 20+ yaş qrupunda tam dişsizlik (edentulizm) 10.2% kimi göstərilir. Bu, “tələb yoxdur” nağılına bənzəmir, böyük miqyaslı gecikdirilmiş ehtiyacdır. Eyni sənəd stomatoloji sahədə iqtisadi yükü də göstərir, 2019-da dental səhiyyəyə xərclər 127 milyon ABŞ dolları, adambaşına 13 dollar, beş oral xəstəlik üzrə məhsuldarlıq itkiləri isə 179 milyon dollar kimi verilir. Yəni stomatologiyanı “səmərəsiz ştat” kimi kəsmək, əslində, sabah daha böyük sosial-iqtisadi ziyanın qapısını açmaqdır, tipik “bu gün qənaət et, sabah ikiqat ödə” siyasəti.

ÜST profilində daha bir detal var: son mövcud məlumatlara görə Azərbaycanda stomatoloqların sayı 2 601, sıxlıq isə 10 min nəfərə 2,7 göstərilir. Bu göstərici özü-özlüyündə “artıq həkim var” iddiasını sübut etmir. Əksinə, regionların real ehtiyacları, xidmətə çıxış, qiymət baryeri, dövlət klinikalarının avadanlıq və şərait problemi kimi faktorlar nəzərə alınmadan sırf “müraciət sayına” baxıb ixtisar etmək, səhiyyəni insanla yox, “Excel” cədvəli ilə idarə etməkdir. “Excel” isə diş ağrısına anestetik rolunda çıxış etmir.

Müqayisə üçün Sovet dövrü barədə bir şeyi romantikləşdirmədən demək lazımdır ki, təbii, orada da problemlər var iki. Məsələn, bürokratiya, plan göstəricilərinin formalizmə çevrilməsi, keyfiyyət fərqləri. Amma bazis sosialist olduğu üçün səhiyyə bazar malı kimi qurulmurdu, prinsip etibarilə hər kəsin səhiyyəyə əlçatanlığının təmin edilməsi yanaşması üstün idi. Dünya Bankının Azərbaycana dair sənədi belə qeyd edir ki, mövcud sistem “Sovet Semaşko” modelinin bir çox cəhətlərini saxlayır, o cümlədən xəstəxana mərkəzçiliyi və birincili xidmətlərin zəifliyi kimi xüsusiyyətləri. Bu cümlə təsadüfən çox şey deyir, biz köhnənin sosial təminat məntiqini yox, köhnənin struktur qüsurlarını miras alıb, üzərinə də yeni dövrün “maliyyə səmərəliliyi” sərtliyini əlavə etmişik. Nəticə belədir ki, həm birincili xidmət zəif qalır, həm də vətəndaş cibindən daha çox ödəyir.

Stomatoloqların etirazı bu baxımdan islahatların həqiqi mahiyyətinin rentgenidir, dövlət sağlamlığı hüquq kimi genişləndirmək əvəzinə, xərci azaltmaq üçün tələb yaratmayan sahəni qırpır, halbuki tələb yoxdur dediyi yerdə çox vaxt yoxsulluq var, ödəniş baryeri var, inamsızlıq var, bəzən də regionlarda normal şəraitin olmaması var. Və ən ironiki budur ki, stomatologiya sığortadan kənardadırsa, dövlət klinikasına müraciətin az olması keyfiyyətin zəifliyi qədər sistemin dizaynının nəticəsidir. Əgər məqsəd həqiqətən “keyfiyyət” və “xidmətə çıxışın əlçatanlığı”dırsa, məntiqli yol ixtisar yox, əksinə, üç istiqamətdə sərt dönüşdür. Birincisi, ən azı əsas stomatoloji müdaxilələrin (profilaktika, erkən diaqnostika, təcili yardım, minimal bərpa) xidmətlər zərfinə real şəkildə daxil edilməsi; ikincisi, regionlarda avadanlıq və şəraitin standartlaşdırılması, həkimin “müştəri gətirə bilməməsi”nə görə deyil, xidmətin nəticəsinə görə qiymətləndirilməsi, üçüncüsü, səhiyyənin maliyyələşməsində dövlət payının artırılması və cibdən ödənişlərin kəskin azalmasıdır, çünki cibdən ödəniş yüksək olduqca “müraciət etməmək” insanların “seçimi” yox, “məcburiyyəti” olur.

Bu etirazın ən qiymətli tərəfi budur, bizi bir sualın qarşısında qoyur: səhiyyə bazarın dili ilə danışacaq, yoxsa cəmiyyətin dili ilə? “İqtisadi faydalılıq” meyarı ilə qurulan səhiyyə, sonda ən bahalı səhiyyədir və gecikmiş xəstəliklər, artan fəsadlar, düşən əmək qabiliyyəti, dərinləşən bərabərsizlik formalarında həyatımızı məhv edir. Stomatoloqların səssizcə ixtisar edilməsi bir gün təkcə onların yox, hamının ağzında çox konkret mənada ağrı kimi qayıdacaq.