Tarixin məhkəməsi: Heydər Əliyev obrazının sinfi anatomiyası

Tarix şəxslərin iradəsi ilə yox, siniflərin obyektiv maraqları ilə irəliləyir və bu maraqlar dəyişmədikcə “böyük şəxsiyyət” mifi yalnız tarixi dumanlandırır. Bu sadə həqiqəti dərk etmədən Heydər Əliyev obrazı haqqında deyilən hər fikir çarəsiz şəkildə ya romantik nostalgiyaya, ya da sifarişli təbliğata çevrilir. Halbuki bu fiqurun mahiyyəti ideyalarla deyil, bürokratik sinfin öz hökmranlığını qorumaq üçün hər dəfə yeni qabıq tapmaq qabiliyyəti ilə izah olunur.

1981-ci ildə hakimiyyətini qorumağın yeganə dili “Sov.İKP-nin böyük missiyası” idi, 2001-ci ildə isə eyni hakimiyyətin davamı üçün yeni mif kimi “milli azadlıq və neft üzərində suverenlik” yaradıldı. Yəni ideoloji pərdə dəyişdi, sinfi funksiyanın özü yox. İdeya dəyişib, struktur isə sabitdir. Çünki dövlət mənsublarının məqsədi heç vaxt ideyanın özünü yaşatmaq olmayıb, məqsəd həmişə ideyadan yalnız bir məqsəd üçün istifadə olunur: hakimiyyətin monopoliyasını xalqın iradəsi kimi göstərən siyasi mif yaratmaq.

Sovet dövründə bu mif “kommunizmə doğru irəli!” şüarı idi. Müstəqillik dövründə isə bu mif “milli dövlətin xilası və neftdən bəhrələnmək” kimi formalaşdırıldı. Amma hər iki halda, bir sinif öz hökmranlığını “xalq adından danışmaq” hüququ ilə möhkəmləndirdi.

Marksist üçün burada heç bir sirr yoxdur, istehsal münasibətləri dəyişmədikcə, dövlət aparatı yalnız köhnə ideologiyanın üzərinə yeni boya çəkir. İctimai şüur ictimai varlığın inikasıdır. Varlıq dəyişir, şüur da formal olaraq dəyişir, lakin aparatın öz-özünü qoruma mexanizmi qalıb. Sovet bürokratiyası dağılır, nəticədə eyni kadrlar milli burjua dövlətinin dayaqlarına çevrilir. Köhnə ideologiya sıradan çıxır, əvəzində yeni ideologiya dərhal icad olunur. “Kommunizmə sədaqət” yox olur və sonrasında “milli maraqlar” doğulur. Formalar dəyişir, sinfi funksiyalar isə sabit qalır.

Bu səbəbdən 1981-ci il tribunası ilə 2001-ci il tribunası bir-birinə tam uyğun gəlir: Hər ikisi xalqı təmsil etdiyini iddia edən, amma əslində xalqın adından danışmaq hüququnu monopoliyaya çevirən aparatın özünü legitimləşdirmə aktıdır. Ən təhlükəli olan isə təkcə mifikləşdirmə deyil. Təhlükəli olan odur ki, bu mif zaman keçdikcə obyektiv tarixi qiymətlə əvəz olunmaq əvəzinə, qiymətin özünü əvəz etməyə başlayır. Şəxsiyyət ideologiyanın yerini tutur, adlar institutları əvəz edir, mərasimlər iqtisadi-siyasi reallığın üstünü örtür, heykəllər sinfi münasibətləri gizlədən pərdə olur. Lakin tarix heç vaxt sonsuzadək kosmetikadan ibarət qalmır. Onu hərəkətə gətirən şəxsi iradə deyil, istehsal münasibətləri ilə istehsal qüvvələri arasındakı ziddiyyətdir.

Bu ziddiyyət yetişdikcə hər dövrün “doktrinası” da dəyişir və keçmişin ucaldılmış fiqurları öz təbliğat funksiyalarını itirdikcə, həqiqi dəyər ölçüsü sırf tarixi-materialist müstəviyə qayıdır və bu müstəvidə bir fiqurun hansı sinfi marağı ifadə etdiyi, onun qurduğu institutların kimə xidmət etdiyi, onun yaratdığı strukturun hansı sosial qrupları yüksəldib, hansıları əzdiyi və onun dövrünün ideologiyasının hansı iqtisadi reallığı ört-basdır etdiyi önəmlidir. Bu suallar soruşulan gün bütün “əbədi simvollar” öz tarixi mənasızlığını ifşa edir. Çünki sinfi mübarizə simvol tanımır.

Bu gün Azərbaycan cəmiyyətində baş verən proseslər, yəni sosial ədalətsizlik, oliqarx-bürokratik qrupların iqtisadi monopoliyası, repressiv aparatın güclənməsi, varlığını müasir kapitalist münasibətlər içində çətinliklə quran geniş kütlələrin narazılığı bir reallığı təsdiqləyir: tədbirli şəkildə qurulan miflərlə xalqın maddi həyatı arasındakı uçurum böyüdükcə, tarix obyektiv qiymət tələb edir. Bu qiyməti isə nə təbliğat mərkəzləri, nə nəsillərə zorla sırınan kultlar, nə də prospekt adları müəyyən edə bilər. Onu müəyyən edən yalnız bir qüvvədir: özündə sinifdən özü üçün sinfə çevrilən xalqın ictimai iradəsi.

Bu iradə oyandığı gün heç bir heykəl, heç bir kult, heç bir keçmişin ideoloji bəzəyi tarixin axışını dayandıra bilməyəcək. Və bəlkə də, bugünkü bütün sualların qısa cavabı budur: tarix simvolların yox, siniflərin məhkəməsidir. O məhkəmədə hökmü yalnız maddi reallıq çıxarır və heç kim ondan qaça bilmir.