İmperiyalar ən çox geri çəkiləndə gurultu salırlar. Tramp da əvvəlcə qələbə havası çaldı, “möhtəşəm iki gün” vəd etdi, sanki bölgəyə iradəsini qəbul etdirmiş güc daşıyıcısı kimi danışdı, amma 15 apreldəki mənzərə bu tamaşanın dekorunu uçurdu. Ortada nə qəti qələbə, nə sabitlik, nə də həqiqi sülh var. Ortada həqiqət ABŞ və İsrailin İranı diz çökdürmək istədikləri halda bunu bacarmamalarıdır, indi isə alınmayan hərbi məqsədi “atəşkəs”, “danışıq” və “blokada” sözləri ilə ört-basdır etməyə çalışırlar. Əminliklə demək olar ki, Trampın “atəşkəs”i diplomatik zəfər yox, alçaldıcı geri addım idi. Sonrakı hadisələr isə bu qiymətləndirməni daha da möhkəmləndirdi.
Əgər İran ilə ABŞ və İsrail arasında sülh olsaydı, Hörmüz boğazı ilə bağlı ziddiyyət yaranmaz, dəniz ticarəti hərbi nəzarətlə iflic edilməzdi. ABŞ hərbi blokadası İranın dəniz yolu ilə ticarətini faktiki dayandırıb, gəmilər geri qaytarılır və Vaşinqton eyni anda həm danışıqların bərpasından danışır, həm də İranın nəfəs borusunu dənizdən sıxır. Bu, zorakılığın nəticə vermədiyi nöqtədə onun formasını dəyişməkdir. Bir sözlə, Amerika imperializmi bu gün masaya əyləşmək əvəzinə topun lüləsi ilə tərəfləri masanın arxasında oturmağa məcbur etməyə çalışır.
Hörmüz boğazı da bu böhranın sinir nöqtəsidir. Beynəlxalq Enerji Agentliyinin 14 aprel hesabatında göstərilir ki, atəşkəsin qalıcı sülhə çevrilib-çevrilməyəcəyi və Hörmüzdən normal gəmi axınının bərpa olunub-olunmayacağı hələ də naməlumdur. Enerji təchizatı, qiymətlər və qlobal iqtisadiyyat üzərində təzyiqi azaltmaq üçün “ən mühüm dəyişən” məhz Hörmüz axınının bərpasıdır. Daha da önəmlisi, aprelin əvvəlində boğazdan gündəlik daşınma təxminən 3,8 milyon barrel səviyyəsində idi, halbuki fevralda bu rəqəm 20 milyon barreldən çox idi. Bu, qlobal enerji damarının boğulmasıdır.
Deməli, “Hörmüz açılıb, böhran bitir” deyənlər ya həqiqəti gizlədir, ya da siyasəti reklam çarxı zənn edirlər. Boğazdan keçid hələ də müharibədən əvvəlki 130-dan çox gündəlik keçidin yalnız bir hissəsi səviyyəsindədir və qeyri-müəyyənlik qalır. Neft qiymətləri də elə buna görə yenidən yüksəlib. “Brent” markası 96 dollar ətrafına qalxıb. Yəni bazarın dili ilə də eyni həqiqət danışılır, sabitlik qayıtmayıb, yalnız fəlakətin tempi bir az dəyişib.
Bu mənzərə Trampın niyə çarəsiz göründüyünü də izah edir. Həqiqi qalib blokada elan edib eyni anda “bəlkə iki günə razılaşma oldu” deməz və hərbi kampaniyadan bir neçə həftə sonra yenidən vasitəçilərin arxasına sığınmaz. Danışıqların yenidən İslamabadda davam etməsi ehtimalı müzakirə olunur, amma əsas ixtilaf nöqtələri olan İranın nüvə proqramı, sanksiyalar və bölgədəki hərbi sistem yerində qalır. Yəni ABŞ-nin bu mərhələdə etdiyi şey problemi həll etmək yox, yeni adlarla uzatmaqdır. Bu isə strateji ilişmənin əlamətidir.
Livan cəbhəsi də bu “atəşkəs”in nə qədər saxta olduğunu ifşa edir. İsrail Livana hücumlarını davam etdirir və həm İsrail, həm də ABŞ bu kampaniyanın atəşkəsə daxil olmadığını deyir, İran isə bunun əksini vurğulayır. Eyni mənbəyə görə, müharibə indiyədək təxminən 5 min insanın ölümünə gətirib çıxarıb, onlardan təxminən 2 mini Livandadır. Deməli, “atəşkəs” burada sülh mənasına gəlmir, o, sadəcə müharibənin sərhədlərinin seçilərək idarə olunması deməkdir. Bir cəbhədə pauza verilir ki, digər cəbhədə boğma siyasəti daha rahat davam etdirilsin. Bu, müharibənin bitməsi yox, onun inzibati bölgüsüdür.
Marksist baxış üçün bütün bunların içində mistika yoxdur. Problem Trampın temperamentində, Netanyahunun quduzluğunda, ya da diplomatların bacarıqsızlığında deyil. Problem, zəifləyən ABŞ imperializminin artıq əvvəlki kimi hökm etməyinin mümkünsüzlüyü, amma geri də çəkilə bilməməsindədir. Problem, İsrail dövlətinin öz hərbi ekspansiyasını bölgə nizamının əsası kimi təqdim etməsindədir. Problem dünya bazarının bir boğazdan, bir tanker marşrutundan, bir neçə hərbi qərardan bu qədər asılı qalmasındadır. Yəni söhbət “pis liderlər”dən yox, çürümüş kapitalizm sistemindən gedir. Bu sistem sülh vəd etsə də, blokada yaradır, regionu alov içində saxlayır, bütün dünyanı qiymət şoku, didərginlik və ölüm zəncirinə bağlayır.
Bu hadisələrin ən dürüst xülasəsi belədir: Tramp atəşkəs bağlamadı, geri çəkildi. ABŞ isə Hörmüzü açmadı, onu hərbi və siyasi şantaj zonasına çevirdi. İsrail bölgəyə sabitlik gətirmədi, müharibəni yeni coğrafiyalara daşıdı. Və bütün bunlar bir daha göstərdi ki, imperializm xaosu idarə edib ona “nizam” adı verir. Bu sistemin dili diplomatiya olsa da, mahiyyəti boğmaq və məhv etməkdən ibarətdir. Tarix böyük gücləri təkcə səbəb olduqları yox, həm də altında qaldıqları dağıntılarla mühakimə edir. Bu gün ABŞ məhz o nöqtədədir. Dünya qarşısında yenə sərt görünmək istəyir, amma sərtliyin arxasında öz acizliyi görünür. Səmanı bombalaya, dənizi bağlaya, boğazı sıxa bilərsən, lakin bununla tarixi ram etmək olmur. Hörmüzdə ilişən təkcə tanker marşrutları yox, bütöv imperialist hegemonluğun iddiasıdır. Gələcəkdə bu günlər xatırlananda belə deyiləcək: dünyaya diz çökdürmək istəyənlər bir boğazın qarşısında öz siyasi tənəzzüllərini bütün aləmə göstərdilər.

