Yeni qanunun əsl hədəfi kimdir? Dövlət bədənimizi və sözümüzü nəzarətə götürür

Hakim siniflər tarix boyu eyni fəndə yol veriblər və cəmiyyətin sözünü, bədənini, davranışlarını nəzarətə götürmək istəyəndə bunu heç vaxt “kapitalist istismarını qorumaq” adı ilə etməyiblər. Həmişə “əxlaq”, “milli dəyərlər”, “ictimai təhlükəsizlik”, “xalqın mənəviyyatı” kimi daha “yüksək” sözlər tapıblar. Əslində formul bəsitdir: əvvəl ideoloji aparat vasitəsilə “ictimai narahatlıq” uydurulur, sonra həmin narahatlıq bəhanəsi ilə azadlıqlar boğulur. Hüquq və “mənəviyyat” dediyimiz şey də burjua cəmiyyətində neytral norma yox, xüsusi mülkiyyətə söykənən sinfi nizamın üstqurum formalarıdır.

Bu gün sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa açıq çağırışlara görə nəzərdə tutulan cərimə layihəsi də həmin sxemin davamıdır. Kağız üzərində “fahişəliyə qarşı mübarizə” kimi görünən bu addım əslində daha geniş paketə bağlıdır: “milli-mənəvi dəyərlərə zidd paylaşımlar”, “əxlaqsız ifadələr və jestlər”, “insan bədəninin hissələrinin əxlaq normalarına zidd göstərilməsi”, “cəmiyyətə açıq hörmətsizlik” və s. Bu kimi ifadələr nə hüquqi baxımdan dəqiqdir, nə də birmənalı. Əksinə, bu, dövlətin hüquqdan repressiv sinfi alət kimi istifadə etməsinin açıq nümunəsidir.

“Milli-mənəvi dəyər” deyəndə kişilərə şortik qadağası da bunun içinə salına bilər, qadının çiynini açıq göstərməsi də, LGBT+ fərdlərin varlığının sadəcə qeyd olunması da. “Əxlaqsız jest” deyəndə hakimiyyətə və polis zorakılığına qarşı sərt jestlər də ora daxil edilə bilər. “İnsan bədəninin hissələrinin əxlaq normalarına zidd göstərilməsi” isə açıq şəkildə qadın geyiminə, kuir bədəninə və bədən-müsbətliyinə qarşı hüquqi çərçivə deməkdir.

Beləliklə, məhkəmənin, polis rəisinin və ya hər hansı məmurun şəxsi “təəssüratı” hüquqi ölçüyə çevrilir. Burjua dövlət aparatını idarə edənlər öz sinfi, patriarxal və heteronormativ zövqlərini “ümumi əxlaq” kimi rəsmiləşdirirlər. Nəticə: sabah bir qadın öz bədənini və seksual azadlığını müdafiə edən status yazanda, bir kuir şəxs şortikdə fotosunu paylaşanda, bir fəal patriarxal zorakılığı sərt tənqid edəndə bütün bunlar “əxlaqsızlıq” və “cəmiyyətə hörmətsizlik” damğası ilə cəzalandırıla bilər.

Bu şəraitdə “fahişəliklə mübarizə” ifadəsi sadəcə vitrindir. Azərbaycanda fahişəlik onsuz da inzibati xətadır, cərimələnir; ölkə illərdir regionda seks-turizmin istiqamətlərindən biri kimi tanınır. Minlərlə qadın, o cümlədən yetkinlik yaşına çatmayanlar sosial-iqtisadi məcburiyyət ucbatından bu sahəyə itilənir. Burjua dövlətinin özünün təşkil etdiyi, himayə etdiyi və görməzdən gəldiyi seks-bazara toxunulmur, “əxlaq” yalnız bu bazarın ən zəif həlqəsinə – satılan bədənə tətbiq olunur. İnsanların sosial təminatını gücləndirən, qadın və kuir fərdlərin iqtisadi asılılığını azaldan real mexanizmlər isə qurulmur.

Burada əsas sual belədir: fahişəlik niyə yaranır? Bunu “pis qadınların əxlaqsızlığı” kimi izah etmək nə mahiyyəti açıqlayır, nə də həll yolu təklif edir. Fahişəlik xüsusi mülkiyyətə, patriarxal ailə institutuna, gender rollarının kapitalist əmək bazarında struktur diskriminasiyasına söykənən nəticədir. Kapitalizm qadını həm ucuz işçi qüvvəsi, həm də evdə pulsuz reproduktiv əmək daşıyıcısı kimi istifadə edir, eyni zamanda onun bədənini reklamda, mədəniyyətdə, turizmdə, real seks-bazarında əmtəəyə çevirir. Sistem cinsi istismarı özü istehsal edir, sonra bu istehsalın bir hissəsini “əxlaq adına” cəzalandırıb özünü “təmiz” göstərir. Burada “əxlaq” xüsusi mülkiyyət və patriarxal intizamın ideoloji maskasıdır.

Bu çərçivədə “əxlaqlı ana” ideologiyası mərkəzi rol oynayır. Ailə “balaca dövlət” kimi qorunur, çünki gələcək işçi ordusunun bioloji və ideoloji reproduksiyası orada baş verir. Dövlət üçün vacib olan qadının azadlığı və arzuları yox, onun “düzgün ana” olub ucuz işçi dünyaya gətirməsi, ailə quruluşunun sarsılmamasıdır. Aborta, geyimə, sosial şəbəkədəki fotoya nəzarət də bu məqsədə xidmət edir. Burjua ailəsi xüsusi mülkiyyətin və varisliyin təminatı, eyni zamanda hakim ideologiyanın gündəlik istehsal məkanıdır.

Yeni qanun paketi “mənəviyyat” adı altında məhz həmin nəzarəti onlayn sferaya daşıyır. Qadın bədəni, kuir bədəni, dissident bədən sosial şəbəkədə görünəndə, bu artıq təkcə bioloji yox, siyasi fakta çevrilir. Hakimiyyət üçün “problem” təkcə fiziki fahişəlik deyil, qadının və kuir fərdlərin öz bədənini, seksual seçimlərini, münasibətlərini, geyimini, kimliyini müstəqil şəkildə ifadə etməsidir. Fahişəlik bəhanədir, sinfi-patriarxal nəzarət həqiqət.

Tarix göstərir ki, “əxlaq qanunları” zəifləri qorumaq üçün yox, onları susdurmaq üçün tətbiq olunub. ABŞ-də Cim Krou dövründə “nizam və əxlaq” şüarı ilə qara dərililər ictimai məkanlardan sıxışdırılırdı. Faşist Almaniyasında “xalqın mənəviyyatını qorumaq” adı ilə yəhudilər və digər “arzuolunmazlar” cəmiyyətdən fiziki olaraq silindi. Sovet bürokratik rejimində “əks-inqilabçı təbliğat” maddəsi kommunistləri, sosialistləri, yazıçı və alimləri susdurmaq üçün işləyirdi. İran və Əfqanıstanda “əxlaq polisi” varlıların eyş-işrətini yox, küçədə adi geyimdə gəzən qadınları döyür və öldürür.

Eyni məntiq bu gün də Azərbaycanda işə düşür. “Əxlaqsızlıq” damğası heç vaxt Nizami küçəsində seks-turizm üçün şərait yaradan otellərin sahiblərinə, bu bazardan kapital toplayanlara yox, həmişə kasıb qadına, trans qadına, fahişəyə, ailə zorakılığından qaçıb öz bədənindən başqa satmağa heç nəyi qalmayanlara vurulur. Həqiqi sinfi mənzərə budur: əxlaq çubuğu həmişə yuxarıdan aşağıya işləyir.

Azadlıq məsələsində Marks və Engelsin vurğuladığı budur ki, azadlıq abstrakt “şəxsi lüks” deyil, insanların ictimai varlığının formasıdır və yalnız kollektiv şəkildə reallaşa bilər. Azadlıq təkcə parlamentdə söz demək yox, gündəlik həyatda bədənini, sözünü, fikrini, etirazını sərbəst ifadə etməkdir. Əgər bu azadlığın hissələri “əxlaq”, “nizam”, “milli dəyər” adı ilə kəsilib götürülürsə, geriyə qalan sadəcə dekorativ vitrindir. Burjua-demokratik azadlıqlar belə sinfi məhdudiyyətlərlə şərtlənsə də, işçi hərəkatının, qadın və LGBT+ mübarizəsinin tarixi qazanclarıdır və onları qorumaq sinfi mübarizənin bir hissəsidir.

Leninin dediyi kimi, burjuaziyanın “azadlıq” anlayışı həmişə seçmədir: hakim sinif üçün kapitalı hərəkət etdirmək, istənilən mediaya sahib olmaq azadlığı; işçilər, qadınlar, yoxsullar üçün isə “qanun çərçivəsində” boğulan formal azadlıq. Bugünkü qanun “fahişəliyə çağırış” bəhanəsi ilə məhz bu formal azadlığın qalıqlarını da onlayn məkanda daraltmağa hesablanıb. Sabah fahişələrin öz təhlükəsizlikləri ilə bağlı məlumat paylaşması, hüquqi yardım çağırışları “fahişəliyə təşviq” kimi yozula bilər, feminist aksiyalar “cəmiyyətə hörmətsizlik”, kuir görünürlük isə “milli-mənəvi dəyərlərə zidd bədən nümayişi” kimi damğalana bilər.

“Müqavimət” kollektivinin bu məsələdə mövqeyi aydın və birmənalıdır: fahişəliklə həqiqi mübarizə fahişələrin cərimələnməsi, təqibi və stiqmatizasiyası yox, o qadın və kuir fərdlərin iqtisadi, sosial və hüquqi azadlığını təmin etmək, alternativ dolanışıq, təhlükəsiz sığınacaq, real sosial təminat yaratmaqdır. Fahişələri cərimələyən, amma sosial dövləti dağıdan hakimiyyət nə fahişəliyə, nə də zorakılığa qarşıdır, sadəcə öz sinfi maraqlarını qoruyur. Bu qanun layihəsi rejimin özünü qoruma refleksidir. İnsanların bədənini, sözünü, jestini, profil fotosunu belə nəzarət altına alaraq, onların sinfi, gender və seksual azadlıq imkanlarını daraltmaq cəhdidir. Cərimələr, həbs müddətləri, “xırda xuliqanlıq” maddələri cəmiyyəti qorxutmaq, fərdləri atomlaşdırmaq, kollektiv müqaviməti zəiflətmək üçün işə salınır. Amma tarix göstərir ki, azadlıq boğulduqca, ona tələbat artır, basdırılan sinfi ziddiyyətlər dərinləşdikcə, partlayış da qaçılmaz olur.

Özümüzə verməli olduğumuz əsas sual budur: əlimizdən alınan hər santimetr azadlıqla birlikdə, əslində özümüzdən nə qədər imtina edirik və baş verənləri nə vaxta qədər yalnız izləyib susacağıq?!